Slovakiyanın Ağdamda "Ağıllı kənd" layihəsi keçiriləcək
Bölmə: Siyasət › ,Tarix: 23:08 06.09.2023
Slovakiya tərəfindən Ağdamın Baş Qərəvənd kəndində "Ağıllı kənd" layihəsi keçiriləcək.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Naqif Həmzəyev məsələ ilə bağlı informator.az - a açıqlama edib.
Millət vəkili Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra da problemlərlə üzləşdiyini qeyd edib. O deyir ki, bu problemlərdən birincisi həmin ərazilardəki məhv olmuş infrastruktur, ikincisi isə mina problemi olub: "Azərbaycan hələ də minatəmizləmə işlərinə davam edir. Bu da torpaqlara qayıdışı ləngidir. Azərbaycan bütün imkanı ilə keçmiş məcburi köçkünlərin torpaqlarına qayıtması üçün yenidənqurma, quruculuq, abadlıq işləri həyata keçirir. Artıq biz mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasına şahid oluruq. Qarabağda yeni infrastrukturun qurulması ilə bağlı konsepsiya hazırlanıb və cənab prezident İlham Əliyevin birbaşa göstərişi ilə Qarabağda, Şərqi Zəngəzurda alternativ enerji mənbələrindən istifadə etməklə yaşıl iqtisadiyyat və yaşıl zona "ağıllı şəhər" və "ağıllı kənd"lər qurulur və bu prosesə qardaş ölkələrdən də şirkətlər qoşulmağa başlayıb. Azərbaycan bu şirkətlərin Azərbaycan şirkətləri ilə birlikdə, yaxından əməkdaşlıq edərək bu konsepsiyanın reallaşmasına şərait yaradır".
Millət vəkili Ağdamda Slovakiya tərəfindən "ağıllı kənd" layihəsinin həyata keçirilməsinin təqdirəlayiq addım hesab edir. "Slovakiya və Azərbaycan uzun illərdir dostluq münasibətləri qurub. Onlar arasında hərtərəfli əlaqələr mövcuddur. Slovakiya da Azərbaycanın haqq səsinə dəstək olur, Azərbaycan torpaqlarının bərpasına və Azərbaycan vətəndaşlarının köçü üçün yararlı olmasına öz töhfəsini verir. Slovakiyadan olan nümayəndə heyətinin bu layihəni dəstəkləməsi sevindirici haldır. Ümid edirik ki, Azərbaycanın digər dost dövlətləri də buna qoşulacaq, Qarabağda, Şərqi Zəngəzura qayıdış prosesi tezliklə tamamlanacaq. Biz təkcə vətəndaşlarımızın oraya köçməsini deyil, onların məşğulluq problemini aradan qaldıracağıq, təhlükəsizliyini təmin edəcəyik".
Siyasi analitik Rizvan Hüseynov saytımıza açıqlamasında qeyd edir ki, Azərbaycana müttəfiq, dost dövlətlərin Qarabağda yenidənqurma işlərində iştirak etməsi mütləq, önəmli amildir və qardaş ölkə Türkiyə, Qazaxıstan, Özbəkistan da bu ölkələrdəndir: "Son günlərdə gələn məlumatlara görə, Macarıstan və Slovakiya da iştirak edəcək. Qeyri-türk, qeyri-müsəlman ölkələrin bu prosesdə iştirakı maraqlı haldır. Çünki təəsüf ki, əksər Avropa ölkələrinin işğaldan azad olunmuş torpaqlarımıza qarşı münasibəti birmənalı deyil, Ermənistanı dəstəkləyənlər də var. Hətta əfsuslar olsun ki, bəzi qərb ölkələrinin səfirləri işğaldan azad olunmuş ərazilərdə səfərdə olmayıblar. Bunun səbəbi erməni diasporudur".
Rizvan Hüseynov əlavə edir ki, Azərbaycanla səmimi əlaqələr qurmaq istəyən, regionda layihələrdə iştirak etmək istəyən ölkələr mütləq öz münasibətini bildirməlidir. Bunun əsas göstəricisi işğaldan azad olunan ərazilərdəki bərpa işlərinə dəstək olmaq, birbaşa iştirak etməkdir. Buna digər ölkələr kimi Slovakiyanın da qoşulması önəmli amildir. O ümid edir ki, bundan sonra digər ölkələr də bu prosesə qoşulacaq.
Nəzrin Mirzəyeva