Hədəf terrordan uzaqlaşır- Ekspertlər səbəbləri AÇIQLAYIR

Bölmə: Siyasət › ,
Tarix: 19:32 11.09.2023

    11 sentyabr 2001-ci il..... Terrorçuların qaçırdığı iki sərnişin təyyarəsi Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarına çırpılır. Hadisə nəticəsində 2977 nəfər həyatını itirir, 6300 nəfər isə xəsarət alır.

   İlkin mərhələdə Dünya Ticarət Mərkəzinin Şimal qülləsi hədəfə alınır. Amerika hava yollarına məxsus “Boeing 767” təyyarəsi Bostondan Los-Ancelesə yola düşür. Yerli vaxtla saat 08:46-da misirli terrorçu Məhəmməd Attanın ələ keçirdiyi təyyarə Dünya Ticarət Mərkəzinin Şimal Qülləsinə çırpılır. 17 dəqiqə sonra isə Birləşmiş Ərəb Əmirliklərindən olan terrorist Mərvan əş-Şexxi qaçırdığı təyyarə ilə Əkiz qüllələrin Cənub binasına çırpılır. Terror aktı bununla da yekunlaşmır. Növbəti hədəf Birləşmiş Ştatların ürəyi sayılan Pentaqon və Ağ Ev olur. Səudiyyə Ərəbistanından olan 29 yaşlı Xeni Xendjor saat 9:37-də təyyarə ilə Pentaqonun sol qanadına çırpılır. Orada Hərbi Dəniz Qüvvələri Komandanlığı yerləşib. Toqquşma nəticəsində binanın bir hissəsi dağılıb. Vaşinqtondakı Ağ Evi hədəf seçən livanlı Ziyad-Samir Cərrahın idarə etdiyi təyyarənin isə prezident iqamətgahına çatmadan Pensilvaniyada vurulduğu iddia edilir. Hər 4 hücuma görə məsuliyyəti Əl-Qaidə təşkilatı öz üzərinə götürür. Bu olaydan sonra bütün dünyada təhlükəsizlik qaydaları ciddi şəkildə ağırlaşdırılır. 2001-ci il oktyabrın 7-də Amerika Birləşmiş Ştatları və müttəfiqləri 11 sentyabr hadisələrini əsas gətirərək Əfqanıstana qoşun yeridir. 13 il davam edən müharibədə 21 min dinc insan öldürülür. 2014-cü ilin ortalarına olan məlumata görə, Əfqanıstanın işğalı nəticəsində 2,7 milyon insan qaçqın düşüb.

   Siyasi şərhçi Əlimusa İbrhimovun sözlərinə görə, əkiz Qüllələrə qarşı terror aktında iştirak edən terroristlər və onların himayədarı olan təşkilatdan əlavə, dinc müsəlmanlar da cəzalandırılır. Bundan sonra özlərini “demokratiyanın beşiyi” adlandıran ölkələrin hədəfi terrorizm deyil, islam olur. “11 sentyabr müsəlmanlara qarşı “terrorçu” adı altında total müharibənin başladılmasına əsas verdi. Bundan sonra “İslam terrorizmi”, “İslam cihadizmi” və s. adlar altında müsəlmanlara və müsəlman ölkələrinə qarşı ciddi müharibə başladı. Bütün dünyanı öz koalisiyası ilə birlikdə müsəlman ölkələrinə qarşı çevirməsi Ermənistana qarşı münasibətdə özünü göstərmədi. Bu nədən irəli gəlir? Bu nədən doğur? Bəlkə ermənilər müsəlman deyil, xristian olduqlarına görə bundan irəli gəlir?”.

  Əslində terrorizm və yaş, nə din, nə dil, nə də cins tanıyır. Görünür, sözdə “demokrat” olanlar üçün xristian həmrəyliyi ədalət həmrəyliyindən daha üstündür. Bunun nəticəsidir ki, 30 ilə yaxın işğal tarixi boyunca Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə siyasəti bəzilərinə görə “terror” hesab edilmir və ya gözardı edilir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, təkcə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərinin 613 sakini insanlığa sığmayan əməllərin qurbanı olub. Amansız işgəncələrə məruz qalaraq qətlə yetirilib, öldürüldükdən sonra da təhqir olunub. Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban, Goranboyun Ballıqaya bölgələrində kütləvi qırğınlar törədilib. İşğaldan azad edilən Şuşada, Xocavəndin Edilli kəndində indi hələ diri ikən basdırılan, olmazın vəhşiliklərlə qətlə yetirilən həmvətənlərimizin qalıqları tapılaraq aidiyyəti üzrə təhvil verilir. Bunlarsa, soydaşlarımızın başına gətirilən müsibətlərin yalnız kiçik bir hissəsidir. Bəs hanı ədalət? Bütün bu sadalananlar bütöv bir insanlığın faciəsi deyilmi?

  Beynəlxalq hüquq üzrə ekspert Rahim Məmmədov deyir ki, “ASALA” da başda olmaq şərtilə ermənilərin birbaşa təşkilatlanma nöqteyi-nəzərindən 27-yə yaxın terror təşkilatı var. Sentyabr hadisəsini belə bir müstəviyə çıxarıb İslamı gözdən salırlarsa, terror ləkəsi adı altında, nə üçün bu gün BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin əksəriyyəti xristian həmrəyliyi göstərmək kontekstində Ermənistanın bu terror siyasətinə bir təpki göstərmir? Məsuliyyət məsələsinə gəldikdə, məsuliyyətin reallaşdırılması məsələsinə gəldikdə, biz burada ayrı-seçkiliyin şahidi olmuş oluruq”.

  30 illik işğal dövrü başa çatsa belə, Ermənistan hələ də əməllərinə son vermək niyyətində deyil. Hər yeni gün erməni-quldur birləşmələrinin yeni təxribatı, yeni terror aktı ilə yaddaşımızda qalır. Müdafiə Nazirliyi son 5 gündə 16 təxribat xəbərini yayıb və bu göstərici hər ötən gün daha da artır. Bəs bütün bunlar bir hakimiyyətin terrorçu olduğunu anlamaq üçün yetərli deyil mi? Əslində yetərlidir, amma anlayana...

ZEYNƏB