Ermənilərin növbəti ssenarisi

Bölmə: Siyasət › ,
Tarix: 19:51 11.09.2023

  Bakının göndərdiyi humanitar yardımı qəbul etmək istəməyən ermənilər eyni münasibəti Rusiya Qızıl Xaç Cəmiyyətinin dəstəyinə qarşı da nümayiş etdirirlər. Bir müddətdir Beynəlxalq təşkilatların, eləcə də Qərb dövlətlərinin yanında yazıq donu geyinərək Xankəndidə yaşayan ermənilərin aclıqdan əziyyət çəkdiyini deyənlər paralelində yardımı da qəbul etmək istəmir. Bu isə indiki gedişatın ermənilərin növbəti ssenarisi olduğunu deməyə əsas verir.  

  Aclıqdan gileylənən ermənilər Rusiya Qızıl Xaç cəmiyyətinin göndərdiyi yükü də qəbul etmək istəmir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni sakinlərə çatmalı olsa da, artıq 2-ci gündür ki, Bərdədə gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların pozucu fəaliyyəti göstərilir.

   Eyni zamanda, Ermənistan ərazisində də Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı gözləmədədir. Ermənilər bu yükü də qəbul etmək niyyətində deyillər. Çünki bu halda adıçəkilən Komitənin bir TIR-ı da paralel olaraq   Ağdam yolundan Əsgəran istiqamətinə hərəkət etməlidir. Ekspertlərin fikrincə, məsələ nə yük, nə də yardım məsələsidir. Separatçılar Laçın yolunun məhz dəhliz olaraq istifadəsinə çalışır. Siyasi şərhçi Xəqni Cəfərli deyir ki, son siyasi proseslər onu göstərir ki, Ermənistan indi Moskvadan qoparaq, Qərbə meyillənmə ərəfəsindədir. Hazırda İrəvanda Kremldən çox qərbin sözünün keçdiyi iddia edilir. “Demokratiya, insan haqlarının qorunması çağırışları ilə çıxış edən Qərb isə Qarabağdakı ermənilərə can yandırdığını əyani şəkildə göstərə bilər”. Ekspertlərin fikrincə, humanitar böhran şousunu əsas gətirənlər əhalini düşünürlərsə, yüklərin Xankəndiyə daxil olması üçün təzyiqləri artırmalıdırlar. Əlbəttə əgər Qərbin də məqsədi əhalini dırnaqarası böhrandan çıxarmaqdırsa....

  Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 TIR yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərib.

FİDAN