Qərblə Rusiya arasında gedən geosiyasi oyunların meydanı-
Bölmə: Siyasət › ,Tarix: 20:06 11.09.2023
Xankəndidə keçirilən qondarma seçkiləri heç bir ölkə tanımadı. Seçkilərin qəbuledilməzliyi ilə bağlı müxtəlif ölkə rəsmiləri, eləcə də beynəlxalq qurumlar qınayıcı bəyanatlar səsləndirdi. Lakin İrəvandan reaksiya gəlmədi. Paşinyan hakimiyyəti qondarma seçkilərlə bağlı mövqeyini hələ də gizlədir. Bu səssizlik İrəvanın Qarabağdakı separatçılardan imtinası ola bilərmi?
Ermənistan rəhbərliyi separatçıların yeni qondarma "başçısı" seçilən Samvel Şahramanyanı təbrik etməyib. Nəinki İrəvandan qondarma quruma təbrik ünvanlanmayıb, Baş nazir Nikol Paşinyan və ölkənin digər rəsmi şəxsləri ümumiyyətlə, seçkilərlə bağlı mövqe belə açıqlamayıb. Ya rəsmi İrəvan bu mövzuda səssiz qalmağı seçir, ya da Paşinyan rəhbərliyi mövqe sərgiləməkdən çəkinir. Bu isə Ermənistanın son 30 illik tarixində ilk hadisədir. Ermənistan çox gözəl bilir ki, mövqe bildirməsi Bakı-İrəvan danışıqlarına vasitəçilik edən tərəflərin xoşuna gəlməməklə yanaşı, rəsmi Bakının sərt reaksiyasına da səbəb olacaq. Lakin İrəvanın bu səssizliyini Qarabağdakı separatçılardan imtinası kimi qiymətləndirənlər də var. Siyasi şərhçi Turl Əliyevin fikrincə, Paşinyan anlıyır ki, seçkiləri tanıyarsa, müsbət mövqe bildirərsə, bu, Azərbaycanın daxilində separatizmi dəstəkləmək və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilir. Çünki Ermənistan hələ də Qarabağda olan silahlıları çıxarmayıb. Baxmayaraq ki,müharibədən 3 il keçib”.
İrəvan Qarabağı Azərbaycan ərazisi kimi şifahi olaraq tanısa da, son iki həftədə bunun əksi olan mövqe sərgiləməsi təbrikdən imtinanın arxasında başqa səbəblərin ola biləcəyindən xəbər verir. Bu istiqamətdə əsas versiyalardan biri Paşinyan hakimiyyətinin Xankəndidəki separatçıların yeni qondarma rəhbərini qəbul etməməsidir. Keçmiş “Qarabağ klanı”nın üzvü olan Araik Arutyunyan Rusiyaya tabe olmasına baxmayaraq, rəsmi İrəvan onunla birgə işləyirdi. Çünki Araikin rejimin başına gətirilməsi Ermənistan rəhbərliyi ilə razılaşdırılmışdı. Ancaq Araikin yerinə Şahramanyanın gətirilməsi məsələsi Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib. Belə ki, Paşinyan hakimiyyəti özlərinə yaxın olan Samvel Babayanı separatçılara yeni dınaqarası “rəhbər” təyin etmək istəyirdi. Lakin onun seçilməməsində Rusiya amili əsas həlledici rol oynadı, yəni Paşinyan rəhbərliyinə meyilli birinin seçilməməsi Moskvanın başlıca strategiyasıdır. Ekspertlərin analizlərinə görə, Babayanın seçilməməsi İrəvanda hakimiyyət dəyişikliyinə qədər aparacaq yolun başlancığıdır.
Rusiya-Ermənistan münasibətlərində olan gərginlik fonunda Moskvanın İrəvan rəhbərliyində dəyişiklik edəcəyi analizləri isə real görünür. Hətta bu mövzu son zamanlar istər erməni mediasında, istərsə də digər KİV-ində müzakirə edilən əsas başlıqlardandır. Verilən şərhlərə görə, İrəvanın son addımlarından sonra Moskvanın Ermənistanda hərbi çevriliş etmək ehtimalı yüksəkdir. Bu zərurəti yaradan isə Qərbin Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistandan istifadə etməsidir. Elə bu səbəbdən Ermənistan Qərblə Rusiya arasında gedən geosiyasi oyunların meydanına çevrilib. İki tərəf də iqtidarda özünə sadiq birinin olmasını istəyir. Ermənistana diqqətin bu qədər çox olması isə onun regionun ən zəif bəndi olması ilə izah olunur. Rəsmi Bakı isə Ermənistan rəhbərliyində dəyişiklik ssenarilərindən asılı olmayaraq öz mövqeyində qərarlıdır. Azərbaycan torpqalarının separatçılardan və əli silahlı birləşmələrdən tez bir zamanda təmizlənməsində real addımlar atır və atmağa davam edəcək.
İSMAYIL