3+3 formatının effektivliyi təsdiqlənir
Bölmə: Siyasət › ,Tarix: 20:12 11.09.2023
İrandan Ermənistan-ABŞ birgə hərbi təlimlərinə reaksiya gəlib. Rəsmi Tehran regiondankənar qüvvələri bölgəyə gətirmək cəhdinə görə İrəvana xəbərdarlıq edib. Nikol Paşinyanla danışan İran Prezidenti “əcnəbilərlə təlimlər”, “şübhəli səfərlər” ifadələrini işlədərək, Ermənistan hökumətinin hazırkı siyasətindən narazı olduğunu deyib. Görünən odur ki, artıq Ermənistanın qərbin kəşfiyyat mərkəzinə çevrilməsi planını hər kəs başa düşür. Bu isə indiyədək Paşinyan hökumətinə hərbi-siyasi dəstək verən ölkələri Bakı ilə əməkdaşlığa sövq edir.
Ermənistanla ABŞ arasında “Qartal tərəfdaşı 2023” birgə təlimləri başlayır. Manverlərdən əvvəl İran Prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. İranın vitse-prezidenti Məhəmməd Cəmşidi bu təmasları şərh edərkən bildirib ki, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək Cənubi Qafqazda vəziyyəti daha da çətinləşdirir. Görünən odur ki, Rəisi Ermənistana ciddi xəbərdarlıq edib. Maraqlı məqam ABŞ ilə birgə təlimlər məsələsi gündəmə gələndən bəri rəsmi Tehranın səssizliyini qorumasıdır. Bu isə manevrlərin İranın razılığı və tövsiyəsi əsasında baş tutduğu iddiasını gündəmə gətirmişdi. Təlimlərdə iştirak etmək üçün Ermənistana gələcək hərbçilərin fərqli adlar altında regionda qala biləcəyi ilə bağlı iddiaların artması molla rejimini də narahat edib. Buna görə də, İran indi region məsələlərinin məhz bölgə ölkələri tərəfindən həll edilməsinin tərəfdarı olduğunu açıqlayır və 3+3 formatına diqqət çəkir.
Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, bölgədə kənar aktyorların olmasına qarşı çıxan İran hal-hazırda vəziyyətin daha ciddi olduğunu görərək və Ermənistanın siyasətində kardinal dəyişikliklərin baş verdiyini anlayaraq, gecikmiş də olsa, reaksiyalar verməyə başlayır. Ermənistan və İran arasında bu məsələlərlə bağlı müəyyən gərginlik mövcuddur. Əgər Paşinyan hakimiyyətinin bu cür qərbyönümlü və bölgəyə kənar aktyorların gətirilməsi üzərinə qurulmuş siyasəti davam edəcəksə, o zaman gələcəkdə İranla Ermənistan arasında münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırmaq mümkündür”.
İran indiyədək Ermənistana nəfəslik rolunda çıxış edib və Paşinyan hökumətinin mövcudluğunu qoruyub saxlamasında həlledici rol oynayıb. Amma son zamanlar Ermənistanın İranı gözdən çıxarması Tehranı Bakı ilə münasibətləri düzəltməyə sövq edir. İranlı rəsmilərin sonuncu Bakı səfəri və burada verdikləri mesajlar da bu məqsədə xidmət edir.
Bu məqamda, Azərbaycanın Türkiyə ilə birgə təklif etdiyi 3+3 formatının effektivliyi bir daha təsdiqlənir. Çünki Ermənistanın xarici qüvvələrin əlində bir alətə çevrilməsi sadəcə Azərbaycana qarşı yönəlməyib, bu, regionun digər dövlətlərinə qarşı da təhdiddir.
JALƏ