Kimisi üçün gözlənilməz, kimisi üçünsə tarixi bir an-Ağdam-Xankəndi yolunun açılması

Bölmə: Siyasət › ,
Tarix: 22:30 12.09.2023

Qarabağda Ermənistan qodarma rejiminin təxribatlarına baxmayaraq, Azərbaycan istəyinə nail oldu. Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yük Azərbaycan qanunvericiliyinə uyğun olaraq Ağdam-Xankəndi yolundan keçdi. Bu isə mühüm strateji əhəmiyyəti ilə seçilən marşrutun açılması istiqamətindəki addımlarda irəliləyiş hesab edilir.

 

Kimisi üçün gözlənilməz, kimisi üçünsə tarixi bir an.... Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın uzun sürən mübarizəsinin mühüm nəticəsi kimi də qiymətləndirilir. Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli şəxslərə göndərdiyi ərzaq maşını məhz bu yoldan keçərək artıq Xankəndi şəhərinə çatıb. Bu isə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı beynəlxalq səviyyədə aparılan təzyiqlər üzərində də qələbəsi sayılır. 

Siyasi şərhçi Tural Əliyev deyir ki, bir ölkənin və dövlətin daxilində heç bir dəhliz ola bilməz: “Və bu dəhliz artıq tarixə qovuşmaq üzrədir. Yalnız Laçın yolu var və Azərbaycan-Ermənistan sərhəddində sərhəd-buraxılış məntəqəsi var. Ağdam yolundan o yüklər daxil olmasaydı bu, hələ də oradaki qondarma rejimin əl-qolunu bir daha da açırdı. Yüklərin Ağdam yolundan daxil olmasını onlar onu özlərinə təhdid kimi görürdülər. Düşünürdülər ki, artıq bununla da özərinin xülyaları ki, var idi... bununla da artıq arxivə qovuşmaq üzrədir. Bu, o deməkdir ki, növbəti addımda artıq Azərbaycan tərəfdən hələ də gözləyən yüklər daxil olacaq”.

Digər bir tərəfdən isə, Ağdam-Xankəndi yolunun açılmasının bölgə üçün iqtisadi üstünlükləri də mövcuddur. Sözügedən marşrut xətti Qarabağda istehsal olunacaq məhsulların həm Zəngəzur dəhlizi, həm də Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə daşınması üçün yeni perspektiv açacaq.

İqtisadçı Xalid Kərimli hesab edir ki, Ağdam-Xankəndi yolunun fəaliyyətə başlaması ciddi surətdə iqtisadi əhəmiyyətə malikdir: “Bu, Qarabağ İqtisadi Rayonunun inkişaf etdirilməsi baxımından mühüm rola malik olan bir addımdır. Bu, imkan verəcək ki, Qarabağın yerli iqtisadiyyatını dirçəltmək reallaşsın. Eyni zamanda da Azərbaycanın qarşısına qoyduğu Şərqi Zəngəzurun və Qarabağın inkişaf etdirilməsi prioritetini sürətli bir şəkildə həyata keçirmək mümkün olsun”.

Proseslərin bu şəkildə cərəyan etdiyi bir vaxtda qondarma rejimin əməl etməli olduğu yeganə məqam mövcud reallıqlarla barışmaq və bölgənin sabitliyinə töhfə verəcək addımlara maneə törətməməkdir.

 

Zeynəb