ABŞ Azərbaycan və Ermənistanı dialoqa çağırır

Bölmə: Siyasət › ,
Tarix: 22:42 12.09.2023

ABŞ Azərbaycan və Ermənistanı həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək üçün birgə işi davam etdirməyə çağırır. Dövlət departamenti tərəfləri normallaşmaya səsləsə də, fakt ondan ibarətdir ki, sülh prosesini ləngidən və qeyri-konstruktiv addımlar atan məhz Ermənistandır. Yəni Vaşinqton bu istiqamətdə təziyiqlərini məhz rəsmi İrəvana istiqamətləndirməlidir. 



Azərbaycanın apardığı sülh, sabitlik və vəziyyətin normallaşması istiqamətindəki siyasətlə paralel Ermənistan vəziyyəti qəlizləşdirməyə, eləcə də yeni təxribatlar törətməyə çalışır. Məsələyə üçüncü göz olaraq baxdıqda, kimin pozucu tərəf olduğu aydın görünür. Ancaq bəzi qüvvələr nədənsə reallıqları görməzdən gələrək sadəcə tərəfləri sülhə və dialoqa səsləməklə kifayətlənir. Söhbət ABŞ dövlət departamentinin açıqlamalarından gedir. Entoni Blinken Laçın yolunun əlavə marşrutlarla birgə təcili açılmalı olduğunu qeyd edib. O, dialoq, bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmalı olduğunu da vurğulayıb. Analitiklər bu cür şablon açıqlamalar verməkdənsə Ermənistana təzyiq etməli olduğu qənaətindədirlər.

Həmçinin xatırlatmaq lazımdır ki hazırda ABŞ ilə Ermənistan arasında Vaşinqtonun təbirincə desək, rutin xarakterli hərbi təlimlər başlayıb. Dövlət departamenti təlimlərin Bakı ilə İrəvan arasındakı gərginliklə heç bir əlaqəsi olmadığını açıqlayıb. Lakin hazırki geosiyasi vəziyyətdə sözügedən hərbi manevrlar nəinki Ermənistanı sabit siyasət yürütməyə, əksinə münaqişə törətməyə sövq edə bilər. 

Qeyd edək ki, ABŞ dövlət katibi normallaşmanı ləngidən Ermənistana konkret olaraq təxribatdan çəkinmək barədə xəbərdarlıq etməyib. Paralel olaraq Vaşinqton da daxil olmaqla Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatların gözündə humanitar böhran tamaşası səhnələşdirənlər yardım yüklərini də qəbul etmirlər. Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə göndərdiyi 40 ton un dolu yük maşınları hələ də mənzil başına çatmayıb. 

 

Fidan