Ermənistan sərhəddə hərbi texnika yığır
Bölmə: Siyasət › ,Tarix: 22:56 12.09.2023
Haylar yenə iş başındadırlar. Təxribat dolu davranışlar sərgiləyən Ermənistan hələ də sərhəddə hərbi texnika yığmaqda davam edir. Hərbi texnikalar arasında daha çox uzaqmənzilli raketlər diqqət çəkir. Lakin digər silah-sursatlar da kifayət qədərdir. Ermənistanın bu planlarının arxasında nələr durur?
Ermənistan yenə öz ampluasındadır. Onlar Azərbaycanla şərti sərhəddə hərbi texnika yığmağa davam edirlər. Yerləşdirilən silahlar arasında İrəvanın Hindistandan aldığı artilleriya qurğuları kifayət qədərdir. Silah-sursat arasında uzaqmənzilli raket sistemləri də üstünlük təşkil edir. Hərbi texnika içərisində xüsusilə “Smerç” reaktiv yaylım atəşi sistemləri gözə batır. Mütəxəssislərin fikrincə, bu silahlar uğurlu hesab edilmir. Həmin hərbi sursatların dəqiqliyi bir qədər şübhə doğursa da, öldürücü gücü olduqca çoxdur.
Hərbi ekspert Elxan Şıxəliyev bildirir ki, Smerç reaktiv yaylım atəşləri 1 avtomobil üzərində 12 raket daşıyır: “Onların zərbə endirmə məsafəsi maximum 124 km-ə qədərdir. Hətta əsasən 90 km-ə qədər bir məsafədə bu raketlərlə zərbələr endirilə bilər. Bizim də əsasən 90 km-ə qədər yaşayış məntəqələrimiz ən azından şərti sərhəddən 10 km nəzərə alsaq hansı yerə qədər zərbə endirmələrini biz göz önünə almalıyıq. Həmçinin 44 günlük müharibədə Bərdəyə və Gəncəyə də bu tip raketlər istifadə etdiyini bilirik”.
Ekspertlər bildirirlər ki, silahların şərti sərhəddimizə yaxınlaşdırılması onlardan təkrar daha uzaq məsafədə yerləşən yaşayış məntəqələrimizə zərbələr endirilmə ehtimalını doğurur. Ancaq İrəvanın hazırda buna cəsarəti yoxdur. Bakının buna qarşı atacağı addımlara gəldikdə isə təxribatların qarşısının alınması üçün bütün tədbirlər görülür. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində müdafiə etmək hüququ var. Ermənistanda fəaliyyət göstərən Avropa missiyasının hadisələrə heç bir reaksiya verməməsi isə maraq doğurur. Hazırda isə beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir.
Siyasi şərhçi Zaur Məmmədov hesab edir ki, bu vəziyyətə Avropa ittifaqının xüsusi missiyası nəzər yetirməlidir: “Avropanın xüsusi missiyası hələ Qərbi Zəngəzur torpaqlarındadısa onlar çox yaxşı və aydın şəkildə görürlər ki, orda smerçlər və digər hücum silahları və raketləri yerləşdiriblər. Bəs o zaman onlar niyə susurlar? Ən azından öz ölkələrinə bu məlumatı verməlidirlər. Bununla bağlı narahatlıqlarını diplomatik yolla bəyan etməli və yaxud bildirməlidirlər”.
Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh təklif edib. Bakının bu istiqamətdə real addımları da hər şeyi aydın göstərir. Lakin İrəvanın təxribatçı bəyanatları sübut edir ki, Ermənistan hələ bir müddət də sülhə maneə yaratmağa çalışacaq.
Fidan