Rəsmi İrəvan Kremllə münasibətlərini alt-üst etməyə risk edəcəkmi?

Bölmə: Siyasət › ,
Tarix: 19:51 13.09.2023

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova rus və erməni xalqlarının davasını Ermənistan üçün fəlakət adlandırıb. Bu fikirlərin ikitərəfli münasibətlərdə ciddi ayrılıqların müşahidə olunduğu bir vaxtda səsləndirilməsi xeyli müzakirələrə səbəb olub. 



Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın ölkəsinin Ermənistanla diplomatik münasibətlərinə dair səsləndirdiyi fikirlər geniş rezonansa səbəb olub. Zaxarova TASS-a verdiyi müsahibəsində İrəvan hakimiyyətinin ikitərəfli münasibətləri qarşı-qarşıya qoya biləcəyinə inanmadığına diqqət çəkib.

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib ki, bunun baş verməyəcəyinə ümid edir: “Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqlarını davaya sürükləyəcək planları yoxdur. Mənim qənaətimcə, bu, rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı. İnanıram ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur”.

Bu açıqlamalar Rusiyanın Ermənistanla münasibətlərində böhran müşahidə olunduğu bir vaxta təsadüf edib. Böhranın ən yüksək mərhələsi isə avqustun ilk həftəsində baş nazir Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində qeydə alınıb. Xatırladaq ki, İrəvan rəsmisi “Bir gün Rusiyanın bölgədə olmayacağını” vurğulamaqla Kremlin “səbir kasası”nı daşdırmağa çalışıb. Bunun ardınca, ABŞ ilə birgə hərbi təlimlər keçirməsi və Anna Akopyanın Ukraynaya səfəri durumu daha da kritikləşdirib. Ermənistanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Ukraynaya humanitar yardım etməsi Paşinyan hakimiyyətinin rəsmi Moskva ilə münasibətlərindən narazı olmasını göstərib.
Siyasi şərhçi Xəqani Cəfərli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanın nümayəndəsini geri çəkməsi faktiki olaraq, Ermənistanın Rusiyanın siyasi liderliyini, siyasi hakimliyini inkar etməsi kimi dəyərləndirilə biləcəyini düşünür: “Digər tərəfdən, Rusiya üçün ən əsas məqam bilirisiniz ki, “roma statusu” məsələsidir. Çünki bu, status Putinin həbsinə imkan verən bir sənəddir. İndi Ermənistan hökuməti bunu ratifikasiya üçün parlamentə göndərir. Bu, birbaşa Putinə belə deyək ki, meydan oxumaqdır”.

 

Rusiyanın ən yaxın müttəfiqlərindən olan Ermənistanın bu ölkə ilə münasibətlərini köklü şəkildə alt-üst etmək cəhdləri isə baş nazir Nikol Paşinyana baha başa gələcək. İndiki vaxtda İrəvanın belə bir riskə getməsi yerli hakimiyyətə qarşı olan müxalif qüvvələri aktivləşdirə və hətta hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyadan tamamilə qopması Ermənistan üçün həqiqətən də, xüsusilə Nikol Paşinyanın faciəli sonunu da gətirə bilər: “İlk növbədə, Ermənistan iqtisadiyyatı Rusiyanın tam nəzarətindədir. Ermənistan sərhədlərinə, hətta aeroportuna giriş-çıxışı da Rusiya sərhədçiləri yoxlayır. Və Rusiyanın geniş şəkildə imkanları var ki, Nikol Paşinyanı cəzalandırsın. Və əgər Rusiya görsə ki, “qırmızı cizgi” demək olar ki, qırılmaq üzrədir, düşünürəm ki, Nikol Paşinyana qarşı Ermənistanda silahlı bir insident də keçirilə bilər”.

Siyasi proqnozlara görə, rəsmi İrəvanın Moskva ilə münasibətlərinin konturları özünü yaxın həftələrdə büruzə verəcək.

 

Zeynəb