İran-ABŞ münaisbətləri -Buzlar əriyirmi?

Bölmə: Siyasət › ,
Tarix: 20:28 13.09.2023

Birləşmiş Ştatlar İranın 6 milyard dollar dəyərində dondurulmuş aktivlərə çıxışını təmin edəcək. Bunun  humanitar məqsədlə edildiyi açıqlanıb. Lakin Vaşinqton Tehranın vəsaiti həmin məqsədlə istifadə etməyəcəyindən şübhələnir. Bəs, bunu etməkdə əsas məqsəd nədir? İran və ABŞ arasında buzlar əriyir?


İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı müəyyən razılığa gəlib. Bunun üçün həmçinin Vaşinqton Tehrana humanitar yardımlar məqsədilə 6 milyard dollar dəyərində dondurulmuş aktivlərə də çıxış verəcəyini bildirib. Lakin İranın bu məbləğdən həqiqətən humanitar məqsədlər üçün istifadə edəcəyi sual altındadır. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bundan narahatlıq duyduğunu və İrana bu aspektdən güvənmədiyini açıq şəkildə büruzə verib. Birləşmiş Ştatların narahat olmasına şərait yaradan əsas səbəblərə gəldikdə isə....

Siyasi şərhçi Turab Rzayev deyir ki, bu kimi açıqlamalar daha çox daxili auditoriyaya hesablanıb: “Həm daxili auditoriyada narahatlıq var ki, İran bunu nüvə sənayesində və yaxud insan haqlarına qarşı və yaxud başqa bir sahədə istifadə edə bilər. Eyni zamanda ABŞ bununla İsrailin və İsrailə yaxın ordu qruplarının narahatlığını azaltmaq üçün istifadə edir. İsrail isə istəyir ki, İrana qarşı sanksiyalar daha da artırılsın”.

İran Prezidenti İbrahim Rəisi isə bu çıxışların qarşılığında bildirib ki, həmin vəsaitlərdən ABŞ-nin gözləntilərindən asılı olmayaraq lazım bildikləri formada istifadə edəcəklər. Mütəxəssislər bildirirlər ki, İran bu məbləğdən birbaşa hərbi məqsədlər, yaxud nüvə sənayesi üçün istifadə etməyəcək.  
Ekspertlərin fikrincə, iki ölkə arasında atılan qarşılıqlı addımlar ABŞ və İranın bir-birinə yaxınlaşmasının ilk mərhələsi ola bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Demokratlar İrana xüsusi rəğbətləri ilə seçilirlər. Şərhçilərin sözlərinə görə, demokratlar çalışacaqlar ki, İran və Birləşmiş Ştatlar arasında münasibətlər daha yaxşı çərçivədə irəliləsin. Bununla da başqa əməkdaşlıqlara da zəmin yarana bilər. Məsələn, İranı Rusiya Çin cəbhəsindən ayırıb ABŞ cəbhəsinə gətirmək kimi. 

 

Fidan