Putin və Kim Çen görüşünün -TƏFƏRRÜATLARI

Bölmə: Siyasət › ,
Tarix: 21:37 13.09.2023

Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen görüşüblər. Görüş iki saatdan çox davam edib. İki ölkə liderinin Avropadakı hərbi-siyasi vəziyyət, həmçinin strateji və taktiki əməkdaşlığın gücləndirilməsi barədə danışdığı bildirilir. Sözügedən görüş barədə olduqca narahat olanlar var. Qərb əmindir ki, Moskva Pxenyandan Ukrayna ilə müharibədə təminatını gücləndirmək üçün silah-sursat almaq istəyir.

"Pxenyan həmişə Putinin və Rusiya hakimiyyətinin bütün qərarlarını dəstəkləyib və dəstəkləyir". Bu sözləri Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib. Kim Çen In, həmçinin Moskvanın qələbəsinə əmin olduğunu bildirib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsini "müqəddəs mübarizə" adlandırıb: “Rusiya hegemonistlərə qarşı öz suverenliyini, təhlükəsizlik maraqlarını və ədalətini müdafiə etmək üçün müqəddəs mübarizə aparır. Biz həmişə Rusiya hökumətinin atdığı addımları tam və qeyd-şərtsiz dəstəklədiyimizi ifadə etmişik. Fürsətdən istifadə edərək, anti-imperialist cəbhədə hər zaman Rusiyanın yanında olacağımızı təsdiq edirəm”.

 

Putin və Kim Çen In arasında görüş əvvəlcə nümayəndə heyətlərinin tərkibində baş tutub, daha sonra onlar təkbətək görüşüblər. Görüşün nəticələri və müzakirə olunan mövzular hazırda təqdim edilmir. Qərb mediası Şimali Koreya liderinin səfərindən əvvəl müzakirə mövzularından birini, ehtimal ki, Rusiyanın müharibədə istifadə edə biləcəyi silah tədarükü ilə bağlı olacağını yazıb. Putin jurnalistlərin danışıqlarda hərbi-texniki əməkdaşlığın müzakirə olunub-olunmayacağı ilə bağlı sualını cavablandırarkən deyib ki, “biz bütün məsələlər barədə yavaş-yavaş danışacağıq". Ağ Ev və ABŞ Dövlət Departamenti Şimali Koreyanı Rusiyaya sursatla kömək etməməyə çağırıb. Pxenyan isə ABŞ-ın Rusiyaya hərbi yardım göstərməklə bağlı ittihamlarını rədd edir. Rusiya hakimiyyəti də eyni versiyaya sadiqdir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, hər iki ölkəyə xatırladıram ki, Şimali Koreyadan Rusiyaya hər hansı silah ötürülməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulması deməkdir: "Əlbəttə, biz Rusiyanın müharibə səylərini maliyyələşdirən qurumlara qarşı sanksiyalarımızı aqressiv şəkildə tətbiq etdik. Və bu proses davamlı olacaq. Lazım gələrsə, yeni sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyik. Vəziyyəti izləyirik, spekulyasiya etməzdən əvvəl gözləyib görüşün nəticəsini görəcəyik”.


Rusiyaya səfər Kim Çen Inın pandemiyadan sonra Şimali Koreyadan kənara ilk məlum səfəridir. O, sonuncu dəfə Rusiyaya 2019-cu ildə gəlib. Şimali Koreya Ukraynanın işğalından sonra Rusiyaya açıq dəstək verən azsaylı ölkələrdəndir. Putin ötən həftə Pxenyanla ikitərəfli əlaqələri genişləndirəcəyinə söz verib.

 

Aysel