AZƏRBAYCAN BEYNƏLXALQ KONFRANSA EV SAHİBLİYİ EDƏCƏK
Bölmə: Siyasət › ,Tarix: 19:57 14.09.2023
Bakı 2019-cu ilin oktyabrda Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçki zamanı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Paytaxtımız mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan Rio-de-Janeyro, Nyu-Delhi və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoymağı bacarıb. Konqres oktyabrın 2-dən 6-dək davam edəcək.
Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresinə 50 ildən sonra ev sahibliyi edəcək. Bakı Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Rəşad Nəbiyev deyir ki, əvvəlki konqreslərdən fərqli olaraq Bakı Konqresinə 95 ölkədən kosmos sahəsində fəaliyyət göstərən elm və tədqiqatçılar 3 min 600 elmi məqalə təqdim edib. Bununla Bakı Konqresi Paris, Vaşinqton, və Bremen konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub. "Bir çox ölkədən Azərbaycana yüzlərlə elm xadimi gələcək. Kosmik tədqiqatlarla məşğul olan tələbələr, gənclər gələcək. Eləcə də bu işlə məşğul olan bizneslər, müvafiq dövlət strukturları gələcək. Mütləq şəkildə biz əminik ki, bu tədbir özü Azərbaycanda elmin təşviqinə, elmi araşdırmaların təşviqinə təkan verəcək".
Birləşmiş ştatlar, Almaniya, Avstriya, Rusiya, Kanada, İtaliya, Yaponiya və digər ölkələrdən gələcək astronavtlar üçün xüsusi proqram hazırlanıb. Belə ki, Beynəlxalq Astronavtika Konqresində təşkil olunacaq astronavtlar proqramı çərçivəsində Azərbaycana 20-dən çox astronavtın səfəri planlaşdırılıb. O ki qaldı, konqresə gəlmək istəyib viza ala bilməyənlərə, onlar üçün proseslər asanlaşdırılıb. Bunun üçün Beynəlxalq Astronavtika Konqresində iştirakla bağlı qeydiyyatdan keçib ödənişin tamamlandığını dair sənədi, “Azərkosmos”un verdiyi rəsmi dəvət məktubunu təqdim etmək kifayətdir. Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərovanın sözlərinə görə, konqres iştirakçıları üçün ölkə daxilində gediş-gəlişi asanlaşdırmaq üçün işlər görüləcək. "Həmin şəxslərə dəvət məktubu gedir. Viza almaq üçün şəxsi pasport qeydiyyatı və s olur. Bundan sonra insanlara təsdiq məlumatı gəlir və bu məktub əsasında gəlib yerində qeydiyyat kartlarını alırlar".
Qeyd edək ki, Bakı Konqresi oktyabrın 2-dən 6-dək davam edəcək. Biletlərin qiymətini, konqresinin proqramını və digər məsələlər isə Beynəlxalq Astronavtika Federasiyası müəyyənləşdirir.
AYSU