"Mərkəzi Asiya şirkətləri Ələt Azad İqtisadi Zonasına maraq göstərir"- Prezident İlham Əliyev

Bölmə: Siyasət › ,
Tarix: 20:12 14.09.2023

   ''Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir'' - Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı belə deyib. Ölkə başçısı həmçinin Mərkəzi Asiya ölkələrilə Azərbaycan arasındakı ticarət əlaqələrinə də toxunub.

   Prezident İlham Əliyev bildirib ki, otuz ildən artıqdır ki,Azərbaycan müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. Dövlət başçısı həmçinin  Mərkəzi Asiya regionu ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışıb. "Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Mən Məşvərət Şurasının iclasında ilk dəfədir İştirak edirəm. Və əminliyimi bildirmək istəyirəm ki regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq".

   İkitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarət və sərmayələrin artımı olduğunu deyən Prezident İlham Əliyev  hər iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyib. "Ötən il  Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu  tərəfimizdən müasirləşdirilir''.

   Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını vurğulayan dövlət başçısı, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanlarının da artırıldığını vurğulayıb. Prezident İlham Əliyev  çıxışında ölkələrimiz  arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu bildirib. 

FİDAN