Paşinyan: "Rusiyalı sülhməramlılar olmasaydı, vəziyyət daha yaxşı olardı"
Bölmə: Siyasət › ,Tarix: 22:46 14.09.2023
Ermənistanın Baş naziri bu dəfə də rəsmi Moskvaya qarşı iddialı çıxışları ilə ajiotaja səbəb olub. Belə ki, İrəvan rəsmisi bildirir ki, rusiyalı sülhməramlılar Qarabağda olmasaydı, vəziyyət daha yaxşı olardı. Paşinyanın ABŞ mətbuatına verdiyi müsahibəsində daha çox şikayətçi olduğu məqamlara diqqət çəkməsinin isə pərdəarxası məqamları var.
Sentyabrın 2-si İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsinin ardından, Nikol Paşinyanın rəsmi Moskvaya yönəlik açıqlamaları davam edir. Ermənistanın Baş naziri bu dəfə ABŞ-nin "Politico" nəşrinə müsahibəsində Rusiyaya arxalana bilməyəcəklərini dilə gətirib. Bu açıqlama tərəflər arasındakı ziddiyətin hansı səviyyəyə gəlib çıxdığını göstərir. Paşinyan müsahibəsində Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarını öz missiyalarını yerinə yetirməməkdə ittiham edib. Bir-birinin ardınca Kremllə münasibətlərə kölgə sala bilən bu açıqlamalar əslində Rusiyanın İrəvan hakimiyyəti ilə konfliktinə deyil, Paşinyanla ziddiyyətinə gətirib çıxara bilər. Siyasətçilər Ermənistanın Rusiyanı itirə biləcəyini istisna etməsə də, Kremlin İrəvanı itirmək istəmədiyini deyirlər. Siyasi şərhçi Elçin Mirzəbəylinin fikrincə, Yaxın Şərqdə, Uzaq Şərqdə gedən bütün proseslər nəzərə alınsa, həmçinin Qərb dövlətlərinin bir hissəsində, Fransa da daxil olmaqla, mövqelərinin zəifləməsi əsas gətirilsə, Paşinyanın hesablamaları tamamilə səhvdir. "Belə olduğu təqdirdə Moskvanın hədəfə alınması əslində Paşinyanın özünün siyasi maraqlarından qaynaqlanan bir konteksdir. Çünki Moskva da Paşinyanı hədəfə alır. Nikol Paşinyan onu deməyə çalışır ki, daha öncəki tezislərinə uyğun olaraq artıq Moskva Ermənistanın dostu deyil".
Strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı olduğunu deyən Paşinyanın Rusiya ilə münasibətlərinə birdəfəlik son qoyacağı təqdirdə İrəvanda hakimiyyət dəyişikliyinə şərait yaradacağı proqnozlaşdırılır.
ZEYNƏB