Hindistanın Ermənistana "canıyananlığı"-SƏBƏBLƏR

Bölmə: Siyasət › ,
Tarix: 19:16 15.09.2023

   Hindistan avqustda Ermənistana altı 155 mm-lik ATAGS artilleriya sistemi təhvil verib. Artilleriya sistemlərini istehsal edən "Bharat Forge" şirkətinin icraçı direktoru məlumatı təsdiq edib. Müqavilə növbəti üç il ərzində əlavə 84 haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur.

   Son dövrlər Hindistanla İrəvan arasında hərbi təmaslar artıb. Hətta iyulda Dehlinin İran vasitəsilə Ermənistana silah daşıdığına dair kadrlar da yayılmışdı. Bəs coğrafi cəhətdən region ölkəsi sayılmayan Hindistanın Ermənistana bu canıyananlığına səbəb nədir?

  Hindistan minlərlə kilometr uzaqlıqdan Ermənistana silah daşımağa davam edir. İrəvanın adıçəkilən ölkə ilə əməkdaşlığı çərçivəsində avqustda Ermənistana 6 ATAGS artilleriya sistemi göndərilib. Hətta qarşıdakı 3 il müddətində silah tədarükünün davam edəcəyi deyilir. Sövdələşmənin dəyəri isə 155 milyon dollardır. Hindistan bu dırnaqrası sifarişləri vaxtından əvvəl çatdırmağı planlaşdırır. Ermənistan ordusunun artilleriya sistemlərini sifariş verməzdən əvvəl Hindistan ordusunun Poxran poliqonunda onları sınaqdan keçirdiyi də iddia olunur. Gedişatı şərh edən mütəxəssislər Ermənistanın hərbi müttəfiqlər axtarışını İkinci Qarabağ müharibəsindən sonra acınacaqlı ordusunu nizama salma cəhdləri kimi qiymətləndirirlər. Ancaq adıçəkilən silahların ölkənin arsenalını əhəmiyyətli dərəcədə gücləndirmək potensialı yoxdur.

   Hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycan ordusu da bütün bunları təhlil edərək lazım olan tədbirlər görür: “Bu gün Azərbaycan ordusu dünyada ən güclü 56 ordunun sırasındadır. Azərbaycan ordusu həta ikinci Qarabağ savaşına qədər olan gücündən də güclüdür. Azərbaycan ordusu ən müasir silahlarla silahlanıb və profesionallığa doğru gedən bir ordudur”.

   Bundan əvvəl də mətbuatda Hindistanın Ermənistana “Pinaka” reaktiv yaylım atəş sistemləri tədarükü barədə məlumatlar yayılıb. Üstəlik İkinci Qarabağ müharibəsindən əvvəl də Ermənistan bu ölkədən “Swathi” atəş yeri aşkarlama radarları alıb. Həmçinin bir neçə ay öncə Hindistanın İran üzərindən Ermənistana silah daşıması barədə kadrlar yayılıb. Videolarda İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti qeydə alınıb.
Nəzərə alsaq ki, Hindistandan Ermənistana təxminən 4 min kilometrlik yol var, onda Dehlinin bu qədər məsafədən hər vəchlə silah daşımağa cəhdi təəccüblü səslənir. Hindistan niyə özünə daha yaxın regionları yox məhz İrəvanı seçir? Analitiklər bunu Hindistanın Azərbaycana qarşı apardığı siyasətlə əlaqələndirirlər. Əks halda Ermənistanın iqtisadi vəziyyəti Dehli üçün yüksək perspektivlər vəd etmir. 

   Siyasi şərhçi Fikrət Sadıxov hesab edir ki, Hindistanın əsas geosiyasi maraqları var: “Təbii ki o silahı Hindistana satmaqla daha da zəngin olmayacaq. Buna heç ehtiyacı da yoxdur. Amma geosiyasi mənzərə görünür Hindistanı narahat edir. Azərbaycanla Pakistanın müttəfiqlik münasibətində olması Hindistanın guya elə bil maraqlarına ziddir. Eyni zamanda Rusiya -Ukrayna müharibəsi ilə bağlı müəyyən geosiyasi məqamlar da burda rol oynaya bilər”.

   Qeyd edək ki, Ermənistanda qadınlar 6 ay müddətinə hərbi xidmətə cəlb olunacaq. Qadınların orduya qəbulu bu ilin qış çağırışı zamanı həyata keçiriləcək və könüllülük prinsipi ilədir. Analitiklər sözügedən addımı İrəvanın hər vəchlə ordunu gücləndirməklə bağlı çarəsiz səylərindən biri sayırlar. Elə faktlar və deyilənlər də onu göstərir ki, indi sərhədə texnika daşıyan İrəvan hələ də 44 günlük məğlubiyyətdən yetəri qədər dərs almayıb.

 Jalə