Ermənistan qərar verməlidir

Bölmə: Siyasət › ,
Tarix: 19:24 15.09.2023

Ermənistan Rusiyaya qarşı Birləşmiş Ştatların partnyoru olmaqla bağlı real qərar qəbul etməlidir. Bu fikir ABŞ Senatında keçirilən dinləmələrdə səsləndirilib.

 

Senatorlar qərbi seçəcəyi təqdirdə Paşinyan hökumətinə müdafiə və təhlükəsizlik sahəsində dəstək verəcklərini də açıqlayıblar. Bu isə Rusiyanın qəzəbinə səbəb olub. Moskva Ermənistanın aqibətinin də Ukraynaya bənzəyə biləcəyini deyib. Bəs Ermənistanda 2 qütbün toqquşması Cənubi Qafqazdakı proseslərə necə təsir edəcək?


Ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib. ABŞ Dövlət katibi Entoni Blinkenin köməkçisi Yuri Kim çıxışında Ermənistan-Rusiya münasibətini şərh edib. Bildirib ki, SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrilib, burada Rusiyanın hərbi bazası yerləşir. Amma Moskvanın 44 günlük müharibəyə qarışmaması İrəvanda narazılıqla qarşılanıb. Baş nazir Nikol Paşinyan Kremlə olan ümidlərin özünü doğrultmadığını açıqlayıb. Vaşinqton rəsmisinin sözlərinə görə, bundan sonra Ermənistan qərbmeyilli siyasət yürüdüb, buna müvafiq olaraq, Ukraynaya humanitar yardım göndərib, eləcə də Birləşmiş Ştatlarla birgə hərbi təlimlərə ev sahibliyi edib. Sözügedən addımların ölkəsində müsbət qarşılandığını deyən Yuri Kim Ermənistanı Rusiyaya qarşı partnyor olmaqla bağlı real qərar qəbul etməyə də çağırıb. Yəni Ağ Ev bir növ Ermənistanı 2 qütb arasında seçimə və bu qərarını rəsmi elan etməyə səsləyib. 



Siyasi şərhçi Turan Rzayev deyib ki, ABŞ ilə Rusiya arasında fərqli regionlarda nüfuz mübarizəsi artıq Cənubi Qafqaza da sıçrayıb: “Əslinə qalsa, tərəflər arasında mübarizə uzun müddətdir ki, davam edirdi. Amma artıq Ermənistanın timsalında biz mübarizənin daha da qızışdığını deyə bilərik. Sonuncu olaraq Ermənistanda ABŞ ştatlarla birlikdə keçirilən ortaq təlimlər Rusiyanın əsəblərini tarıma çəkib və rəsmi Kreml bu məsələdən olduqca narahatdır. Hazırki Rusiya Ermənistan gərginliyinin təməl səbəblərindən biri məhz Ermənistanın ABŞ-la yaxınlaşması, Qərbə yaxınlaşması və Rusiya təsirindən azad olmasıdır”.



Təbii ki, uzun müddətdir Ukraynada ilişib qalan Rusiya Ermənistanda da qərblə qarşı-qarşıya gəlmək istəmir. Buna görə də Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib ki, ABŞ Senatında Ermənistana təhlükəsizlik sahəsində dəstək ilə bağlı bəyanatlar Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib. O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunmuşdu, amma indi Ukrayna öz suverenliyini və bir çox vətəndaşını itirərək Ağ Evin marionetinə çevrilib. Moskvadan verilən bu açıqlama İrəvanın qərblə yaxınlaşmasının davamlı olacağı təqdirdə, müəyyən tədbirlər görəcəyinə işarə edir. Bu ehtimal Vaşinqtonda da yüksək qiymətləndirilir. Buna görə də Yuri Kim Senatdakı çıxışında bildirib ki, ölkəsi Ermənistana müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi verməlidir ki, İrəvan istədiyi dönüşü etsin. Bu isə Ermənistana amerikan istehsalı silah-sursatın daşına biləcəyi ehtimalından xəbər verir. 



Siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Amerika-Ermənistan birgə hərbi təlimlərindən sonra bu tipli addımların davamı gələcək: “Biz bundan sonra da Amerika və Fransa yüksək ranqlı rəsmilərinin Ermənistana səfərlərini və Ermənistanla müxtəlif sahələrdə, eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində müqavilələrin imzalanmasını, Ermənistana hərbi dəstəyin verilməsi kimi addımları müşahidə edə bilərik. Əvvəlki dönəmlərdə əgər Paşinyanın balanslı siyasət yürütmək, Amerika və Rusiya arasında balanslı siyasəti yütmə cəhdləri müşahidə edildikcə, yəni bu manevr imkanları var idisə, artıq bu manevr imkanları sıfıra bərabərdir”.


Sözsüz ki, Rusiya ilə gərginlik fonunda Ermənistanın qərblə artan təmasları Cəubi Qafqaz üçün yaxşı ssenari gözləntisini doğrultmur. Paşinyan hökuməti Ağ Evin dəstəyindən Bakıya qarşı istifadə edə bilər. 



Siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Ermənistan bu situasiyalardan istifadə edib Azərbaycana təsir göstərməyə, təzyiq etməyə cəhd edə bilər: “Lakin bunların bir nəticə verəcəyinə inanmıram. Çünki Azərbaycanın özünün də istər Amerika ilə, istər Qərblə əməkdaşlığı var və eyni zamanda, Azərbaycan doğru bildiyi beynəlxalq hüquq çərçivəsində olan doğru bildiyi məqamları həyata keçirməkdə israrlıdır və bu məsələlərdən geri dönüş olmayacaq”.


Doğrudur, erməni lobbisi və diasporunun Senatda təsir gücü olduğundan, vaxtaşırı olaraq Azərbaycana qarşı uydurma bəyanatlar gündəmə gəlir. Amma bu, rəsmi şəkildə özünü doğrultmur. Çünki İranla bağlı məsələlərdə ABŞ Azərbaycanı özünə etibarlı tərəfdaş görür. Eyni zamanda, Ağ Evin strateji tərəfdaşı olan Türkiyə də Azərbaycanla müttəfiqdir. Ekspertlər isə düşünürlər ki, Bakının qərb və Rusiyaya yanaşması dövrün reallıqlarına və geosiyasi maraqlara əsaslanan tarazlıq içərisindədir. Odur ki, Azərbaycan 2 qütbün Ermənistandakı nüfuz mübarizəsindən doğacaq təhdidlərdən uzaqdır. Ermənistana verilən qərb dəstəyinin Qarabağla bağlı reallığı dəyişməsi də mümkün deyil. 

 

Zeynəb