ABŞ niyə Ermənistana havadarlıq edir?

Bölmə: Siyasət › ,
Tarix: 22:19 18.09.2023

“Ermənistanın bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin çıxışında öz əksini tapması təəssüf doğurur”. Bu sözləri XİN başçısı Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin baş müşaviri ilə görüşdə deyib.

 

Ceyhun Bayramov ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneəçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığını vurğulayıb. Siyasi şərhçilər deyirlər ki, ABŞ tərəfindən son vaxtlar səsləndirilən fikirlər, verilən açıqlamalar Ermənistana açıq dəstəyi nümayiş etdirir. Rəsmi Vaşinqton müxtəlif regionlarda separatizmə qarşı atdığı addımları Azərbaycana münasibətdə göstərmir.

 

Siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, ABŞ-ın xarici siyasətində məhz ərazi bütövlüyü, suverenlik məsələsi selektiv əsaslarda müəyyənləşdiyi sezilir: “Məsələn, ABŞ Ukrayna, Gürcüstan, Tayvan üçün uyğun bildiyi ərazi bütövlüyünü, suverenliyini Azərbaycana münasibətdə nümayiş etdirmək istəmir”.

 

Siyasi şərhçilər ABŞ-ın İrəvanın separatçı fikirlərinin dəstəkləməsinin səbəbini Ermənistanın son vaxtlar Rusiyadan uzaqlaşmasında görürlər.

 

Siyasi şərhçi İlyas Hüseynov məsələyə belə fikir bildirib: “Roma statutunun radifikasiya olunması, KTMT-da daimi nümayəndənin çağırılaraq Haaqaya göndərilməsi, Anna Akopyanın Kiyevə səfər eləməsi, humanitar yardım göstərməsi və nəhayət, ABŞ-Ermənistan hərbi təlimləri əlbəttə ki, müəyyən mənada Vaşiqtonun da ermənipərəst mövqedən çıxış etməsinə gətirib çıxarır. Azərbaycanın siyasi gündəliyində olan məsələlər də senatda müzakirəyə çıxarılmalıdır. Bu xüsusda hələ də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalması sülh müqaviləsinin imzalanmasından boyun qaçırması iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmaması və ermənistanın separatçılığı dəstəkləməsi qeyd olunmalı idi”.

 

Siyasi şərhçi əlavə edib ki, biz Bakı və Vaşinqton arasında strateji münasibətləri önə çıxarmalı, bunu prioritet hesab eləməli və məhz ABŞ vasitəçiliyi ilə bağlı bir konkret mövqeyə malik olmalıyıq.

 

Əks təqdirdə ABŞ Ermənistanın Rusiya əleyhinə olan davranışları fonunda himayədarlığını davam etdirəcək. Siyasi şərhçilərin sözlərinə görə, Azərbaycan bu istiqamətdə öz reallıqlarını ABŞ-ın diqqətinə çatdırmağı davam etdirməlidir.