Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmur-Naqif Həmzəyev

Bölmə: Siyasət › ,
Tarix: 23:37 18.09.2023

Yolların açılmasıyla bağlı əldə olunan razılıqdan 17 gün sonra önəmli addım atılıb. Qondarma rejim də Azərbaycan Respublikasının şərtləri ilə razılaşıb.


Millət vəkili Naqif Həmzəyev bu məsələ ilə bağlı fikirlərini informator-az saytı ilə bölüşüb. Milli Məclisin üzvü qeyd edir ki, Azərbaycan 44 günlük vətən müharibəsindən sonra öz mövqeyini qəti şəkildə ortaya qoyub və bu günə qədər də bu mövqeydən geri çəkilməyib:


"Mərhələli şəkildə Azərbaycan sülhə məcburiyyət siyasətini həyata keçirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri sürətlə davam edir".


Deputat təəsüflə qeyd edir ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmur, sülhün reallaşması üçün addımlar atmır. Naqif Həmzəyev Ermənistanın havadarlarının da sülh tərəfdarı olmaması problemi ilə bağlı da fikirlərini əlavə edib:


"Ermənistan hər dəfə təxribatlara əl atıb və ən böyük problem isə erməni havadarları, diasporu hər zaman vaxt qazanmaq üçün Ermənistanın sülh danışıqlarından qaçması üçün şərait yaradıb, onu dəstəkləyib. Biz bu günə qədər sülhün əldə olunmasına nail ola bilmirik. Laçın yolu ətrafında, seperatçıların yaşadığı ərazidə "humanitar böhranın" olması ilə bağlı ucuz şou yaradan Ermənistan tərəfi bu dəfə də bu təxribatlarla heç nə əldə edə bilməyib, əksinə bir daha beynəlxalq ictimaiyyətdə onların əsl siması görünüb və biz Ermənistan tərəfindən başladılan bu ucuz, humanitar tır şousunu nəzərdən keçirsək, görərik ki, onlar özlərini rüsvay ediblər. Orada heç bir ərzaq qıtlığı yox idi".


Milltə vəkili hesab edir ki, Azərbaycan tərəfindən təklif edilən Ağdam-Xankəndi yolu artıq Ermənistan və separatçılar tərəfindən istifadəyə uyğun olduğu və bu yol vasitəsilə humanitar yardımın, yük maşınlarının keçməsinə razılıq verilməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir: "Düşünürəm ki, mərhələli şəkildə Xankəndidə yaşayab erməni sakinlər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunacaq, qondarma vəzifə tutan şəxslər bu vəzifələrini tərk edib Ermənistana getmək məcburiyyətində qalacaqlar. Biz son həftə ərzində Xankəndidə olan qanunsuz erməni silahlı dəstələrinin də çıxdığının şahidi oluruq.
Bu da o deməkdir ki, özləri etiraf etməsələr də, qanunsuz, silahlı dəstələrini məhz Xankəndidən çıxarırlar. Düşünürəm ki, Ermənistan qısa zaman ərzində reallığı dərk etməlidir. Ermənistan xüsusilə ABŞ və Fransanın verdiyi dəstəyin onlara heç bir faydasının olmadığını anlamalıdır, Azərbaycanla sülh danışıqlarını sürətləndirməlidirlər. Əks halda bunlar Ermənistan üçün çox ağrı durumlar yaradacaq, olmayan nüfuzunu, olmayan müstəqilliyini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalacaq".


Nəzrin Mirzəyeva