"ANTİTERROR ƏMƏLİYYATLARI HƏR İKİ ÖLKƏNİN XEYRİNƏDİR"-

Bölmə: Siyasət › ,
Tarix: 20:24 19.09.2023

    Xəbər verdiyimiz kimi, bu gün, səhər saatlarında, Qarabağda antiterror tədbirlərinə başlanılıb. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

   Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

   Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanın bu gün həyata keçirdiyi antiterror əməliyyatı, tək bizim yox, beynəlxalq səviyyədə qərara alınan bütün qanunlara tam şəkildə uyğundur. Qarabağın müəyyən ərazisində terror qruplaşması fəaliyyət göstərir. "Təəssüf ki, bir sıra xarici dövlətlər, sözügedən qruplara dayaq olur. Xalqımızın tam şəkildə haqqıdır ki, bu addımı atıb".

    Ekspertlər ümid edirlər ki, bu əməliyyat nəticəsində terror rejiminə son qoyulacaq. Azərbaycan bütün əraziləri üzərində öz suverenliyi və qanunlarını tam şəkildə əldə edəcək. "Azərbaycan Ordusu bu müddət ərzində daim, qanunauyğun şəkildə hərəkət edib. Ordumuz mülki şəxslərə, obyektlərə əsla toxunmur. Sadəcə, hərbi bölgələri hədəfə alır. Sözsüz ki, bu əməliyyatlar zamanı təsadüfi zərbələr dəyəcək, dəyir də. Amma, böyük zərərin qarşısın almaq üçün, kiçik zərərə də getmək lazımdır. Bu addım nəinki, Azərbaycan, eyni zamanda Ermənistanın da xeyrinədir. İllər boyunca, xalqımız qədər, düşmən tərəf də olduqca zərbə alıb. Düşünürəm ki, bu gündən etibarən, başlanğıcı qoyulan antiterror əməliyyatı şanlı qələbə ilə sonlanacaq. Torpaqlarımızda əmin-amanlıq hökm sürəcək, əsgərlərimiz, əhalimiz arasında bir daha qan tökülməyəcək. Bu danışıqların bitməsi, hər iki ölkənin xeyrinədir".

   Əkrəm Həsənov bildirir ki, ilk növbədə, böyük dövlətlərdən olan asılılıq zəifləməyə başlayacaq. "Qarabağ məsələsi bütün sahələrdə olan inkişafıın qarşısın alırdı"deyən hüquqşünas əlavə edir ki, dövlətin əsas diqqəti müharibəyə yönəlmişdi. Amma, bu problem həll yolunda tapanda, Azərbaycan olduqca inkişaf edən dövlətlərdən birinə çevriləcək.

HƏCƏR ƏMİRASLANLI