"AZƏRBAYCANIN ATMALI OLDUĞU BAŞQA ADDIM QALMADI"
Bölmə: Siyasət › ,Tarix: 12:54 19.09.2023
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təxribatı nəticəsində Azərbaycanın iki hərbi qulluqçusu yaralanıb. Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Hərbi ekspert Ramil Məmmədli İnformator.az saytına açıqlamasında bildirib ki, hazırda cəbhədə lokal anti-terror tədbirləri həyata keçirilir. "Ermənistan Ordusunun Qarabağda yerləşən bölmələrinin mövqeləri, hərbi birləşmələri sıradan çıxarılır. Təbii ki, son 3 il ərzində baş verənlər Ermənistanın qeyri-adi mövqeyi prosesi nəticəsində baş vermişdir. Düşünürəm ki, bununla bağlı Azərbaycanın atmalı olduğu başqa addım qalmadı. Ermənistan və onu rəhbərliyi başqa bir şans qoymadı. 10 noyabr 2020-ci il bəyatının 4-cü bəndi icra olunmadı. Ermənistan Ordusunun bölmələri Qarabağı tərk etmədi. Əksinə, bölgədə təxribat hərəkətləri çoxaldıldı. Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə qarşı hücumlar, təxribatlar həyata keçirildi. Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinin mövqelərini sıradan çıxaracaq və ərazidən Ermənistan Ordusunun çıxarılmasına nail olacaq. 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinin icrası məcbur ediləcək".
Fatimə Mustafayeva