"Antiterror tədbirlərin vacibliyi başadüşüləndir"- Beynəlxalq ekspertlərdən AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 22:16 19.09.2023
Ermənistanın törətdiyi təxribatların nəticəsi olaraq, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri görməsi onun suveren hüququdur. Rəsmi Bakı İrəvandan dəfələrlə qeyri-qanuni silahlıların çıxarılmasını tələb etsə də, çağırışlara məhəl qoymadı. Son ciddi təxribatlar isə Azərbaycanı əməli addımlar atmağa məcbur etdi. Prosesi şərh edən ekspertlər də bildirirlər ki, İrəvanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması və erməni hərbi kontingentinin hələ də Azərbaycan ərazisində olması ən böyük təxribatdır.
Mövcud vəziyyəti şərh edən ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, tərəflər bir-birlərini təxribat törətməkdə günahlandırırlar. Ancaq ən böyük təxribat odur ki, erməni hərbçiləri hələ də Azərbaycan ərazisində, yəni Qarabağdadır. Azərbaycanın öz ərazisində digər ölkənin hərbi qüvvələrinə qarşı ərazilərini müdafiə etmək hüququ var. "Diplomatik karyeramdan öyrəndiyim bir əsas dərs var. Silahlar açıldıqda və hərbi toqquşmalar haqqında ilkin məlumatlar ortaya çıxdıqda, bu mövzuda çox ehtiyatlı şərh edirəm. Azərbaycan Müdafiə nazirliyi öz ərazisində qeyri-qanuni şəkildə mövcud olan erməni hərbçilərinə qarşı antiterror tədbirlərinə başladığını açıqlayıb. Təbii ki, Azərbaycanın digər ölkənin hərbi qüvvələrinə qarşı öz ərazilərini müdafiə etmək hüququ var. Həmçinin Azərbaycan hökuməti bildirib ki, etnik mülkü ermənilər təhlükəsiz yerlərə təxliyə olunacaq. Ehtimal ki, onlar daha sonra evlərinə dönə biləcəklər. Bu, isə çox vacibdir".
Rusiyanın birinci dərəcəli dövlət müşaviri, “Avrasiya Xalq Birliyi” Regionlararası İctimai Hərəkatının sədri Tatyana Poloskova isə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin onun suverenliyini müdafiə etmək haqqı kimi tanıdığını və Ermənistanın son zamanlar törətdiyi təxribatlara ciddi cavab olduğunu deyib. "Azərbaycan real sülh razılaşmasının imzalanması üçün dəfələrlə addımlar atıb. Paşinyan isə sülh müqaviləsini ertləmək üçün əlindən gələni edirdi. Xankəndidə qalan separatçıların səyləri isə vəziyyəti daha da gərginləşdirirdi. Nəticədə Azərbaycan daha ciddi tədbirlər görməyə məcbur oldu. Düşünürəm ki, bu tədbirlər faktiki olaraq sülhə gətirib çıxaracaq. Şübhəsiz ki, Azərbaycanın qələbəsi ilə başa çatacaq. Çünki onlar öz əraziləri uğrunda mübarizə aparırlar".
Beynəlxalq hüquq üzrə amerikalı ekspert İrina Tsurekman isə deyir ki, Ermənistanın son dövrlərdəki ikili hərəkətləri hər zamankı kimi ziddiyyət təşkil edir. Bu səbəbdən antiterror tədbirlərin həyata keçirilməsi öz suverenliyini müdafiə edən dövlət üçün qaçılmazdır. "Sərhəddəki təxribatlar davam edir. Bu, xüsusən Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. Qarabağdakı separatçıların nəhayət humanitar yardımı qəbul etməsinə baxmayaraq, Ermənistanın bu təxribatları davam etdirməsi aydın deyil. Bu hadisələr göstərir ki, Azərbaycanın milli təhlükəsizlik problemi daimi olaraq qalır. Bütün bunları nəzərə alsaq, antiterror tədbirlərin vacibliyi başadüşüləndir".
Ermənistana qarşı həyata keçirilən antiterror tədbirlərə ilk reaksiya da elə Rusiyadan gəlib. "Ermənistan hakimiyyəti Qarabağ ərazisinin Azərbaycana məxsus olduğunu tanıyıb". Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün Telegram kanalında belə qeyd edib. O, Ermənistan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurası və Rusiya sülhməramlılarından Azərbaycanın Qarabağda hərbi əməliyyatları dayandırması ilə bağlı çağırışlarına toxunub. "Bəs belə halda rəsmi İrəvanın Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını tanıması necə olacaq?” deyən rusiyalı xanım diplomat yardım istəyən erməni nümayəndələrinə ritorik sual verib.
VÜSALƏ