Erməni əhalinin təhlükəli ərazidən təxliyəsi təmin edilib

Bölmə: Siyasət › ,
Tarix: 22:31 19.09.2023

   Azərbaycan ordusunun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri  davam edir. Bakının separatçılara qarşı etdiyi ardıcıl xəbərdarlıqlara baxmayaraq Xocavənd istiqamətində terror reallaşdıran diversiya qrupları bir bir ərazidən təmizlənir. Ancaq nəzərə almaq lazımdır ki, Qarabağ ərazisində hazırda erməni əhali yaşayır. Bu nüansı daim diqqətdə saxlayan  Azərbaycan tərəfi ərazidə yaşayanlara Beynəlxalq hüquqdan irəli gələn bütün humanitar dəstəyi göstərməyə hazırdır. Əlbəttə bu bir daha aylardır Xankəndidə humanitar böhran məsələsini  bayraq edənlərə tutarlı cavab xarakteri daşıyır. 

   Erməni əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Azərbaycan ordusunun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri çərçivəsində sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərəcək. Onlar içməli su və ərzaqla təmin olunacaq. Həmçinin Müdafiə Nazirliyi  Ermənistan silahlı qüvvələrinin birləşmələrinin atəş vasitələrinin Yaşayış yerlərinin yaxınlığında  yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat da göndərilib. Antiterror tədbirləri elan olunduqdan sonra açıqlanan bu məlumatlar əslində hər bir ölkənin antiterror əməliyyatları zamanı mülki əhalini qorumaq üçün reallaşdırdığı prosedurlardır. Beynəlxalq Hüquq üzrə eskpert Əfsər Sadıqov deyir ki, Bakı bütün bu müddəaları yerinə yetirərək "Münaqişə şəraitində mülki əhalinin müdafiəsi haqqında" Konvensiyaya tam uyğun davranır. "Münaqişə zamanı mülki əhalinin mümkün belə deyək hər hansı bir risklərdən müdafiə edilməsi məqsədilə onlar üçün təhlükəsizlik zonalarının yaradılması, o cümlədən dinc keçid xəttinin müəyyən olunması istiqamətində Beynəlxalq hüququn müəyyən etidyi o konvensiyalarda təsbit edilmiş normaları Azərbaycan hərfilə yerinə yetirir. Bu gün Azərbaycan Müdafiə Nazirliyinin, o cümlədən hərbi komandanlığın bu sahədəki mövqeyi ondan ibarətdir ki, Azərbaycan dövləti heç bir zaman mülki əhalinin hüquqların poza biləcək hallara qarşı tədbir görməyə hazırdır". 

   Azərbaycan ordusunun Qarabağdakı separatçılara qarşı start verdiyi lokal antiterror tədbirləri haqqda xəbərlər yayıldıqdan sonra  müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbiləri də  aktivləşib. "Onlar guya Xankəndidəki mülki əhalinin hədəf alındığına dair iddialar səsləndirir və Beynəlxalq təşkilatların gözünü boyamağa cəhd edirlər. Qarayaxma kampaniyası aparanlar aylardır Xankəndidə humanitar böhran tamaşası haqda car çəkənlərdir.  Əlbəttə, bütün bunlar diqqəti əsas məsələlərdən yayındırmaq üçün uydurulur.  Qarabağın erməni əhalisi də  bütün bunların hərbi xuntanın dəstəkçilərinin apardığı şounun bir hissəsi olduğunu anlayırlar". 
   Xatırlatmaq lazımdır ki, hər fürsətdə Azərbaycanı humanitar böhran və beynəlxalq hüququn pozulması ilə günahlandıranların elə özləri eyni vəhşiliyi nümayiş etdirib.  İkinci Qarabağ müharibəsində heç bir hərbi obyektin yerləşmədiyi Bərdə və Gəncə şəhərləri Ermənistanın raket atəşinə məruz qalıb. İndi Azərbaycanın  qətiyyətli davranışı ənənəvi stereotipləri sıradan çıxarır. Separatçılar və onların havadarları hazırkı  reallıqlarla barışmaq məcburiyyətində qalıblar. Qarabağdakı əhalinin isə hərbi xuntanın əsarətindən xilas yolu Azərbaycan ordusunun Xankəndiyə gəlişidir.

FİDAN