"Antiterror əməliyyatlarının əsas hədəflərindən biri də budur" - Politoloqdan Açıqlama
Bölmə: Siyasət › ,Tarix: 20:32 20.09.2023
"Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır", - Müdafiə Nazirliyi
Nəticədə sentyabrın 19-u səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Qarabağda “lokal xarakterli antiterror əməliyyatları”na başladı.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya Sülhməramlı Kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlərlə “lokal xarakterli antiterror tədbirləri”nin dayandırılması barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüş keçiriləcək.
Bəs bu görüşdə hansı razılaşmaların əldə olunması gözlənilir? Azərbaycan tərəfinin daha hansı üstünlüyü ola bilər?
Bu barədə İnformator.az - a məlumat verən Natiq Miri keçiriləcək görüşdə hər hansı bir razılaşmadan söhbət gedə bilməyəcəyini vurğulayıb və qanunsuz separat rejimin başqa bir seçimi olmadığını bildirib: " Əvvəlcə, separat rejimin silahları buraxması, təslim olması, Ermənistan ordusuna məxsus əsgərlərin Qarabağdan çıxarılması və tədricən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinə başlamasıdır. Düşünürəm ki, Azərbaycanın da bu yöndə konkret konsepsiyası var", - deyə o bildirib.
Politoloq kimlərin hansı şərtlər altında Qarabağda yaşaya biləcəyinə aydınlıq gətirib: "Görüşdə Qarabağda yaşayan əhali, onların tərkibi, həmçinin qarabağlı və sonradan Livandan və Suriyadan gətirilən ermənilər aydınlaşdırılacaq və onlar da Qarabağdan çıxarılacaq. Yalnız Qarabağda yaşamış qarabağlıların Azərbaycan vətəndaşı olması imkanı var, üstəlikAzərbaycan Konstitusiyasını qəbul edib bu ölkənin vətəndaşı olmaq istəyən şəxslərə şamil olunacaq. Bundan sonra bəllidir ki, Azərbaycan vətəndaşlığı qəbul edənlər şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq və bundan sonrakı proseslər Azərbaycan dövlətinə aiddir. Yəni sosial-siyasi hüquq və təhlükəsizlik məsələsi Azərbaycan Konstitusiyasında bütün milli azlıqlara necə tətbiq olunursa, ermənilərə də tətbiq olunacaq.
Həmçinin, məktəblərin açılması, təhsil prosesi mərkəzi hakimiyyətə müzakirə predmenti olacaq. Düşünürəm ki, ardıcıl olaraq bu proseslər həyata keçiriləcək".
Politoloq onu da qeyd edib ki, tərksilah məsələsinə müdaxilə edənlər də olacaq: “Belə insanlar olacaqsa, Azərbaycan ordusu onları məhv edəcək. Bundan sonra tədricən ermənilərin yaşadığı bütün ərazilərdə Azərbaycan hüquq mühafizə orqanları təhlükəsizliyi təmin edəcək. Bütün ermənilərin yaşadığı ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq ki, bu da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərqərar olması mənasına gəlir. Əslində, “antiterror əməliyyatları”nın əsas hədəflərindən biri də budur".
Nigar Xəlilzadə