Prezident İlham Əliyev BP-nin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib

Bölmə: Siyasət › ,
Tarix: 22:16 20.09.2023

BP şirkəti Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə maraqlıdır. Bunu Prezident İlham Əliyevin qəbulunda olan şirkətin İdarə Heyətinin sədri Helqe Land deyib.

 

Görüşdə şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun da olub. Söhbət zamanı “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edilib, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulanıb. Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxunan dövlət başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.

 

Şirkət nümayəndələri isə vurğulayıb ki, Azərbaycanda icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar BP-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür.

 

Söhbət zamanı BP şirkətinin Azərbaycanda yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib. Həmçinin əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlət başçısına təqdim edib.