"Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir"

Bölmə: Siyasət › ,
Tarix: 22:34 20.09.2023

  Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir. Dünya ictimaiyyətini yalan informasiyaları ilə inandırmağa çalışan ermənilər heç bir sübut ortaya qoya bilmədilər. Azərbaycan ordusu isə öz üzərinə düşən vəzifələri yerinə yetirdi, həm də mülki şəxslərə xəsarət yetirmədən.

  Ermənilər, geridə qoyduiğumuz 24 saat ərzində sosial media hesablarında Azərbaycan silahlı qüvvələrinin erməni sakinləri təxliyə edən sülhməramlıları atəşə tutması da daxil olmaqla bir çox dezinformasiyalar yayıb. Amma Azərbaycan bütün bu yalanlara faktlarla cavab verib. Azərbaycan ordusunu mülki əhaliyə hücum etməkdə ittiham edən separatçılar, dinc əhalini hərbi obyektlərin yaxınlığına yerləşdirərək Azərbaycan ordusunun guya dinc əhaliyə atəş açdığı görüntüsü yaratmağa çalışıb. Azərbaycansa, mülki şəxslərə zərər vurmamaq üçün bəzi əməliyyatlardan  son anda imtina edib.

   Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə bildirib ki, döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.

   Siyasi şərhçi Anar Həsənovun sözlərinə görə, mülki əhalinin “təəssübünü” çəkən qərb siyasətçiləri nədənsə Ermənistan SQ-nin 2020-ci ildə dinc əhalini hədəfə götürülməsi, Gəncə, Bərdə və Tərtərin bombardmana məruz qalması, yüzlərlə mülki şəxsin qətlinə kar, kor və lal qalmışdılar. 24 saat davam edən tədbirlər mövcud reallığı bir daha dünyaya sübut etdi.

TAMİLLA