KÖÇƏRYANIN PƏRDƏARXASI OYUNLARI

Bölmə: Siyasət › ,
Tarix: 22:40 20.09.2023

   

    İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar davam edir. Erməni mediası isə nümayişlərə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın başçılıq edəcəyi ilə bağlı xəbərlər tirajlayır. Bunun fonunda Köçəryanın Rusiya Prezidenti Vladimir Putinlə gizli telefon danışığının ifşa olunması xeyli diqqət çəkir. Bəs bütün bunların fonunda İrəvanda hakimiyyət dəyişikliyi nə dərəcədə realdır? Rusiya Ermənistan siyasətində yenidən Köçəryan kartını oynaya bilərmi?  

   Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağdakı lokal antiterror tədbirlərinə müdaxilə etməsinin yolverilməz olduğunu deyəndən sonra İrəvanda etiraz aksiyaları başlayıb. Hazırda hökumət binasını qoruyan polislərin sayı artırılıb, binanın üzərinə snayperlər yerləşdirilib. Polis qüvvələri aksiya iştirakçılarına qarşı səs qumbarası da tətbiq edib. Toqquşmalar nəticəsində isə 36 nəfər yaralanıb. Etirazçılar “Nikol satqın” şüarları səsləndirirlər, bildirirlər ki, mövcud vəziyyət baş nazirin siyasətinin nəticəsidir. Paytaxtda qan su yerinə axarkən, Paşinyan və digər dövlət rəsmiləri Müdafiə Nazirliyinin bunkerində gizləniblər. “Hraparak”ın yaydığı məlumata görə, baş nazirin ailəsi də Göyçəyə aparılıb. Paşinyan indi hər nə qədər müxalifətin qəzəbinə tuş gəlsə də, əslində, Azərbaycanla sərhəddə heç bir gərginlik olmadığını, müharibəyə başlamayacaqlarını açıqlamaqdan başqa şansı yox idi. Çünki əgər Paşinyan hərbi müdaxiləyə cəhd etsəydi, müharibə Ermənistan ərazisinə keçə bilərdi. Fransa, Rusiya və İranın da prosesə müdaxiləsi real deyildi. Çünki bu ssenaridə savaşa başlayan və Azərbaycan ərazilərinə girməyə çalışan Ermənistan ordusu olacaqdı. Buna görə də, Paşinyan real seçim etmək məcburiyyətində qaldı. 

   Bununla belə, baş nazirin çarəsizliyi onun həm Qərb, həm də Rusiya siyasətinin iflasa uğradığını göstərir. Belə olan halda isə Ermənistanda yenidən Köçəryan-Sarkisyan və Rusiya hərbi-siyasi dairələrinin yeni ittifaqının ortaya çıxması ehtimalı güclənir. Hətta deyə bilərik ki, Köçəryan cəbhəsindən artıq bu mesajlar verilir. Dünəndən bəri erməni mətbuatında eks-prezident Robert Köçəryanın İrəvanda hakimiyyəti dəyişmək cəhdlərinə başçılıq edəcəyi yazılır. Eyni zamanda, sosial şəbəkələrin erməni seqmentində Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında gizli telefon danışığının səsyazısı tirajlanır. Sözügedən səsdə Köçəryan Ermənistanda baş verən siyasi proseslərdən çıxmaq istədiyini Kreml sahibinə bildirir. Siyasi şərhçi Oqtay Qasımov deyir ki, nəzərə alsaq ki, Rusiya elitasına ən yaxın adamlardan biri olan Robert Köçəryan Paşinyana qarşı mübarizənin əsas liderlərindən biridir, o zaman İrəvanda baş verənlərə müxtəlif hərbi-siyasi dairələrin müdaxiləsi qaçılmazdır. "Nəzərə almaq lazımdır ki, son dövrlər Paşinyana qarşı müxalifət qüvvələri birləşməkdədir və onun mövqeyi də bir xeyli dərəcədə zəifliyib və Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi ilə bağlı şayiələr ciddi şəkildə artmaqdadır və Paşinyan üçün sistemli şəkildə ölkədə anti-Rusiya meyillərini gücləndirməkdədir və məhz bu anti-Rusiya meyllərini Robert Koçaryan və digərlərinə qarşı istifadə etməyə çalışır. Məhz Köçəryan da bunu başa düşdüyü üçün ona görə Vladimir Putindən özünün siyasi proseslərdən kənarlaşmasını xahiş edə bilər. Növbəti mərhələdə Paşinyanın yerinə də o keçə bilər".

   Hazırda Ermənistanda Köçəryan-Sarkisyan qruplaşmasının hakimiyyətə gəlməsi isə özündə region üçün müsbət ssenari ehtiva etmir. Çünki indiki məqamda Paşinyanın devrilməsi postmüharibə dövrünün reallıqlarına zərbə vura bilər. 

 JALƏ