KÖHNƏ DOSTLAR YENİ DÜŞMƏNƏ ÇEVRİLƏ BİLƏRMİ?
Bölmə: Siyasət › ,Tarix: 22:46 20.09.2023
Azərbaycan ordusunun Qarabağda başlatdığı lokal antiterror tədbirləri ilə paralel İrəvanda da etiraz aksiyalarına start verildi. Aksiyalar çərçivəsində Rusiyanın İrəvandakı səfirliyinin mühasirəyə alınmasına görə diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərildi. Separatçıların ağ bayraq qaldırması xəbərindən sonra isə Kremlin sözçüsü Dimitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözlədiklərini deyib. Bəs Qərb faktoru səbəbilə münasibətləri soyuqlaşmış görülən Moskva və İrəvan arasında bundan son nə baş verəcək.
Köhnə dostlar yeni düşmənə çevrilə bilərmi? Son dövrlər İrəvanın Qərbə boylanması Rusiya Ermənistan münasibətlərində bu sualı aktuallaşdırıb. Düzdür, tərəflər arasında hələ də təmaslar mövcud olsa da, Avropa İttifaqının Ermənistan sərhəddinə gəlməsi də daxil olmaqla digər proseslər İrəvanı Moskvadan uzaqlaşdırıb. Əlbəttə Kreml Ermənistanın apardığı hazırki siyasəti yaxşı analiz edir. Məsələn, Ermənistanın Hraparak nəşri Hökumətdəki mənbələrə istinadən sentyabrın əvvəlində Paşinyanın Moskvaya etdiyi zənglərinin cavabsız qaldığını yazıb. Paşinyanın ritorikasına nəzər salsaq, bununla o Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa cəhd göstərib. Ancaq analitiklər gedişin planlı olduğunu və ictimaiyyətdə Rusiyanın Ermənistandan üz döndərdiyi fikrini yaratmağa çalışdığını deyir.
İrəvan hər nə qədər Kremldən qopmağa çalışsa da, bu asan başa gəlməyəcək. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə hələ də Rusiyanın hərbi bazası var. Rusiya qoşunlarının ərazidə yerləşdirilməsi ilə bağlı ikitərəfli müqavilə isə 2044-cü ilə qədər qüvvədədir. Elə bu bazanın fəaliyyətsizliyinə dair də İrəvanda sözsöhbətlər gəzir. Hadisələrin paralelində Ermənistanın Rusiyanın gözündəki reputasiyasını aşağı salan son məqam isə Birləşmiş Ştatlar və Ermənistan təlimləri oldu. Çünki hərbi manevrlər olduqca həssas siyasi dövrə təsadüf edirdi. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olan Ermənistanın təlimlər üçün Rusiyanın təklifinə yox dediyi halda Vaşinqtona yaşıl işıq yandırması Kremlin nəzərindən yayına bilməz. Siyasi şərhçi Qədir Aslan deyir ki, İrəvan indi Rusiya ilə olan bütün ipləri qoparıb yerinə Qərbi regiona gətirməyə səy göstərir. "Xüsusilə Fransa burda xüsusi canfəşanlıq göstərir . Amma rəsmi Ankara bunu bloklayır. Rəsmi Ankara, bilirsiz ki, NATO-nun üzvüdür və ABŞ ilə bir yerdə Fransanın cəhdlərinin qarşısını alır. İrəvana təsir edir ki, autsayder gətirməsin regiona. Bu məsələ də çox önəmlidir. Elə biz də rəsmi Ankara ilə birlikdə işlər görürük. Elə bunun nəticəsidir ki, son 24 saat ərzində keçiirlən əməliyyatlarda Ermənistan qarışmayacağını dedi".
Əslində Ermənistan indi çətin situasiya ilə qarşı qarşıyadır. Çünki Rusiya ilə onu tək siyasi və hərbi məsələlər bağlamır. Rusiya-Ukrayna müharibəsindən irəli gələn iqtisadi amillər Ermənistanı özünün çoxdankı strateji tərəfdaşı və himayədarı olan Moskva ilə daha da sıx bağlayıb. Sanksiyalardan sonra rublun zəifləməsi Ermənistanla Rusiya arasında iqtisadi əməkdaşlığı pik nöqtəyə qaldırıb. Ötən il Rusiyanın Ermənistanın ticarət dövriyyəsindəki payı təxminən iki dəfə artaraq 5 milyard dolları ötüb ki, bu da ümumi həcmin 35 faizini təşkil edir. Üstəlik Rusiya həm də Ermənistan üçün əsas ixrac bazarıdır. Ermənistanın ixracının 45 faizi Rusiyaya gedir.
Qeyd edək ki, Rusiya hər zaman Ermənistanın yaxın hərbi müttəfiqi olub. Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Rusiyadan Ermənistana həm öz qiymətinə satışlar, həm də böyük həcmdə silah və hərbi texnikanın ötürülməsinə dair məlumatlar var. Belə ki, 1995-1996-cı illərdə Rusiya Ermənistana tərkibində “Scud” operativ-taktik raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. Sonrakı illərdə də bu proses davam etdirilib. Ermənistan özünün BMT-nin Adi Silahlar registrinə təqdim etdiyi məlumatlarda Rusiyadan yalnız məhdud sayda kiçik çaplı silahlar satın aldığını göstərsə də Rusiya rəsmi mənbələrinin açıqladığı informasiyalar, İrəvanın silah ticarətinə dair doğru statistikanı BMT-dən gizlətdiyini deməyə əsas verir.
FİDAN