“Əsrin Müqaviləsi”nin imzalandığı gün Ali Baş Komandan İlham Əliyev əsrin zəfərini qazandı

Bölmə: Siyasət › ,
Tarix: 22:56 20.09.2023

   

    "Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi".  Prezidenti İlham Əliyev xalqa müraciətində belə deyib. 

  Dövlət başçısı əməliyyatın uğurlu gedişatının Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə saldığını bildirib. "Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu". Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığınaa diqqət çəkən Ali Bş Komandan onların bizim şərtləri qəbul edərək silahları təhvil verdiklərini də xüsusi vurğulayyıb. "Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır".

   Prezident İlham Əliyev əminliklə bildirib ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. "Yevlax şəhərində mənim nümayəndəmlə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında biz öz baxışlarımızı, gələcək birgə yaşayış baxışlarımızı onlara çatdıracağıq. Onların bütün hüquqları təmin ediləcək - təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində".  

   Ali Baş Komandan "bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!" sözləri ilə xalqa müraciətini bitirib.  

   Siyasi şərhçi Əziz Əliyev deyir ki, Prezident İlham Əliyevin Paşinyanın hakimiyyətinə, eləcə də, dünyanın müxtəlif siyasi mərkəzlərinə verdiyi mesaj budur ki, informasiya savaşını Prezident özü aparır və savaşda həmin o siyasi mərkəzlərin rahat olsun. "Bu məsələdə bizim gələcəyə baxışımız, erməni xalqının fərqli obrazı, o cümlədən ümumi xilas formulu, Qafqaz prizmasından yanaşma və.s bunlar çox mühüm anlayışlardır. Bu çıxış gələcəyə doğru müsbət toxumların əkilməsi bucağından verilən bir çıxış oldu". Əziz Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin xalqa müraciəti növbəti mərhələyə keçid oldu. "Bu çıxışda vurğu Qarabağ məsələsindən də çox, Ermənistan, sülh müqaviləsi, dəhliz üzərinə, şərqi Zəngəzur çalarlarına vuruldu. Əslində, burada hədəfin tam fərqli olduğu da qeyd edildi. Faktiki olaraq bu, Qafqaz üçün xilas formuludur. Digər tərəfdən, Ermənistanın səhvlərindən dərs çıxarması, 10 noyabrda götürdükləri öhdəlikləri düzgün yerinə yetirmə baxış bucağından mühüm bir şans oldu". Siyasi şərhçinin fikrincə, vacib mövzu budur ki, Prezident İlham Əliyev çıxışını dünyada davam edən separatizmə, terrorizmə qalib gəlmə modeli kimi ortaya qoydu. "Prezidentin bu obrazı “Qafqazın lideri” üzərindən qiymətləndirilməlidir. “Əsrin Müqaviləsi”nin imzalandığı gün Ali Baş Komandan İlham Əliyev əsrin zəfərini qazandı".

FƏRAHİM