"Təxribata cəhd göstərmək istəyən anındaca məhv ediləcək"

Bölmə: Siyasət › ,
Tarix: 20:41 21.09.2023

 

   Yevlaxda Prezident Administrasiyasının dəvəti əsasında Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb. 

  Görüşə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov qarşı tərəfə reinteqrasiya üzrə planlar təqdim edib. Görüşdə Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi xüsusi vurğulanıb.

   Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

  Bu görüşdən sonra ermənilər dinc dayanacaqmı? "Azərbaycana qarşı zidd davranış özlərinin sonunu gətirəcək!" deyən politoloq Anar Əliyevin fikrincə, Ermənistan Azərbaycan ilə zarafat etməyin, Azərbaycan iradəsinə təsir etməyin mümkün olmadığını başa düşüb. "Hesab edirəm ki, bundan sonra daha ciddi proseslər baş verəcək. Ölkə ərazisini tərk edib çıxacaq separatçılarla yanaşı ərazidə dinc sakin pərdəsi altında gizlənməyə, özünü qorumağa çalışan terrorçular, separatçıların qalıqları mövcud ola bilər. Rusiya sülhməramlıların nəqliyyat vasitəsinin atəşə tutulması, bir neçə sülhməramlılının öldürülməsi faktı bunu demək üçün imkan yaradır, amma real bir nəticə əldə etmək mümkün deyil. İstənilən silahlı, təxribat niyyətli şəxs yerindəcə məhv ediləcək".

   Politoloq Azərbaycanın bu mövzuda çox qətiyyətli olduğunu diqqətə çatdırır.  "Azərbaycan bu istiqamətdə qətiyyətli mövqedə dayandığını, heç bir zaman bu mövqedən çəkilməyəcəyini 19 sentyabr tarixində başlatdığı antiterror tədbirlərində bir daha nümayiş etdirdi. Azərbaycan dövlətinə, Silahlı Qüvvələrinə, vətəndaşlarına qarşı hər-hansı bir təxribata cəhd göstərmək istəyən anındaca məhv ediləcək. Heç kim bu prosesdə Azərbaycanın yumşaq davranıb güzəşt edəcəyinə arxayn olmasın".

Çinarə Muradova