Qarabağın erməni sakinləri ilə birgəyaşayış formaları üzərində işləmək üçün vaxt lazımdır

Bölmə: Siyasət › ,
Tarix: 21:53 21.09.2023


  "O şəxslər ki, Azərbaycan əleyhinə ağır cinayət törədirlər, təbii ki, qanunvericilik çərçivəsində cavab verəcəklər. Ola bilsin ki, hansısa məqamda daha öncə də Azərbaycan dövlətinin bəyan etdiyi kimi müəyyən məsələlərlə bağlı amnistiya  məslələrinə baxılsın". Siyasi şərhçi Elçin Mirzəbəyli ARB 24 TV-yə açıqlamasında belə deyib.

Əlavə edib ki, indiki şəraitdə təslim olan, ağ bayraq qaldıran, darmadağın edilən separatçı qüvvələrin, qeyri-qanuni qüvvələrin Azərbaycanla hər hansı bir mövzu çərçivəsində şərtlə danışmağa nə imkanı var, nə də potensialı. 

 

 Siyasi şərhçi Tural Əliyev texnikanın Qarabağ iqtisadi rayonundan çıxarılmasını və reinteqrasiya prosesinin önəminə diqqə çəkir. Deyir ki, ilkin mərhələdə Qarabağ iqtisadi  rayonunda yaşayan  erməni sakinlərinin Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları olmaqları ilə bağlı prosedurlara başlanılacaq. "Bu, prosesin qısa müddətdə həll olunacağı anlamına gəlmir. Çünki Qarabağın erməni sakinləri ilə birgəyaşayış formaları üzərində işləmək üçün müəyyən vaxt lazımdır. İlk növbədə Azərbaycan Konstitusiyasının müddəallarının Qarabağda təmin olunması üçün  işlər görülməlidir. Kimlər ki, Azərbaycan Respublikası vətəndaşlığına müraciət edəcək, onlar siyahıya alınacaq. İkincisi bu prosedurun başlaması üçün təbii ki, AR dövlət qurumları artıq o ərazilərə daxil olacaq. Əlbəttə düşünmürəm ki, dərhal qərar verə biləcəklər". 

   Siyasi şərhçilər deyirlər ki, proses məcburi deyil. İstəyən vətəndaşlığı qəbul edib Azərbaycan ərazilərində yaşaya bilər. Azərbaycanın şərtləri ilə razılaşmayanlar isə gedəcəyi yeri yaxşı bilir.  

NƏRGİZ