ŞUŞA BƏYANNAMƏSİ HANSI HALLARDA HƏRƏKƏTƏ KEÇƏ BİLƏR?- Ərdoğanın mesajı sahiblərinə çatıb
Bölmə: Siyasət › ,Tarix: 22:10 21.09.2023
Tarixi köklərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan bütün münasibətlərini daim qardaşlıq prinsipləri əsasında qurub. Türkiyə istər İkinci Qarabağ Müharibəsi zamanı, istər ondan sonrakı mübarizələrdə, danışıqlar prosesində Azərbaycanın haqq mübarizəsini sonuna qədər dəstəklədiyini dəfələrlə diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Siyasi şərhçi Natiq Miri deyir ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başlamasına ən böyük dəstək də məhz qardaş Türkiyədən gəlib. "Türkiyə prezidentinin BMT-nin tribunasından dünyaya çağırışı münaqişənin həllində maraqlı olmayan qüvvələrə də güclü mesajdır. Bütün dünyaya antitteror tədbirlərinin nə qədər qanuni, doğru olduğunun nümayişidir. Azərbaycan əleyhinə bir beynəlxalq koalisiya, güc yaratmaqla Azərbaycanı cəzalandırmaq istəyənlər var idi. Ona görə də Azərbaycan Prezidenti Şuşa Bəyənnaməsini yenidən xatırlatmaqla mesaj verdi ki, kimlərsə bu xam xəyaldadırsa, bu fikrə düşməsinlər, çünki dərhal Şuşa Bəyənnaməsi hərəkətə keçəcək ki, bu da düşünürəm ki, heç bir güc mərkəzi üçün arzuolunan vəziyyət yaratmayacaq. Regionda geosiyasi maraqları olan heç bir güc mərkəzi prosesə hərbi müdaxilə edə bilməz. Əgər belə fikir olarsa, qardaş Türkiyəni qarşısında görəcək”.
Siyasi şərhçilər bildirirlər ki, antiterror tədbirlərinin nəticələri həm Azərbaycan dövlətinin gücünü, həm də Azərbaycan-Türkiyə qardaş birliyinin növbəti təzahürüdür. Necə ki, 1918-ci ildə sentyabrın 15-də Bakının azad olunması zamanında Osmanlı ilə Azərbaycan birlikdə idisə, tarix yenidən təkrar oldu və növbəti zəfərlərdə də Türkiyə Azərbaycanın yanında olacaq.
Reallıqlar onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!" deməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin dostluğunu, qardaşlığını, bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu göstərir.
ZEYNƏB