Paşinyan istefaya gedəcəkmi?
Bölmə: Siyasət › ,Tarix: 19:30 22.09.2023
Sentyabrın 19-da antiterror tədbirlərinin başlaması fonunda İrəvanda etiraz aksiyaları keçirilir. İştirakçılar hökumət əleyhinə şüarlar səsləndirirlər. Baş nazirin istefasını tələb edən fəallar onun yürütdüyü siyasətin yanlış olduğunu deyirlər. Bütün bu proseslər hakimiyyətə necə təsir edəcək? Paşinyan istefaya gedəcəkmi?
Ermənistanda etirazlar səngimir. İrəvanda Nazirlər Komitəsinin qarşısında və Respublika meydanında növbəti aksiya keçirilir. İştirakçılar Rusiya səfirliyinin qarşısında rus şəxsiyyət vəqisələrini cıraraq yararsız vəziyyətə salıblar. Onlar həmçinin aksiyaboyu ABŞ, Fransa, Hindistan bayraqlarını qaldırıblar. Etirazçı kütlə Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin ARB 24 kanalına verdiyi açıqlamada bildirilir ki, Ermənistanda keçirilən etiraz aksiyaları Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin uğurla alınması və Ermənistan rəhbərliyinin antiterror əməliyyatına qarşı hərbi müdaxilə etməməsindən irəli gəldi: “Etiraz aksiyalarının məqsədi Nikol Paşinyanı devirməkdir. Mən düşünürəm ki, bu aksiyaların nəticəsi heç də müsbət effekt verməyəcək. Çünki etiraz aksiyasına yetərli sayda vətəndaş çıxmayıb”.
Paşinyan isə öz növbəsində tərəfdaşları ilə görüşüb, onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər. Hökümət binasına giriş etməyə çalışan etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Bir qrup şəxs hökümət binasını mühafizə edən polis əməkdaşlarına hücum edib.
Türkiyəli siyasi ekspert İsmail Cingöz İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyəti qəbul edən və atəşkəs imzalayan Paşinyanı vətənə xəyanətdə ittiham edənlərin də yer aldığını deyib: “Həmin vaxt Paşinyan cəsarətlə istefa verib, yenidən seçkilərdə iştirak etmək qərarına gəlmişdi. Və Paşinyan müharibədə uduzan baş nazir kimi yenidən seçkilərdə qalib gəldi. Bunu dəyərləndirəndə görürük ki, Paşinyana dəstək verənlər çoxluq təşkil edir, onun istefasını istəyənlər və qondarma Dağlıq Qarabağ bölgəsində beynəlxalq hüquqa zidd olan birləşmələri dəstəkləyənlər isə azlıq təşkil edir”.
Kütləvi iğtişaşlar zamanı 16 polis əməkdaşı və 26 mülki şəxs xəsarət alıb. Eyni zamanda 30 nəfər saxlanılıb.
Zeynəb