Paşinyana qarşı etirazların pərdəarxası

Bölmə: Siyasət › ,
Tarix: 21:44 22.09.2023

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağdakı lokal antiterror tədbirlərinə müdaxiləsinin yolverilməz olduğunu deyəndən sonra İrəvanda etiraz aksiyaları başlayıb.

 

Toqquşmalar nəticəsində 36 nəfər yaralanıb. Nümayişçilər "Nikol satqın" şüarını səsləndirib və mövcud vəziyyətin Baş nazirin siyasətinin nəticəsi olduğunu bildiriblər. Aksiya iştirakçıları polisə və hökumət binasına yumurta və daş da atmağa başlayıblar. Əraziyə cəlb olunan əlavə polis qüvvələri isə 30 nümayişçini saxlayıb. Hərbi panteonun ərazisində isə erməni deputatlarla müharibədə ölən hərbçilərin yaxınları arasında dava düşüb. Ölən əsgərlərin yaxınları Mülki Müqavilə Partiyasından olan deputatların qarşısını kəsib, hətta onlardan birinə şiddət də tətbiq ediblər. Paytaxt İrəvanda baş verən son proseslər isə ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir. Bunu fonunda müxalif partiyaların nümayəndələri Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altına düşə biləcəyi barədə həyəcan siqnalı çalırlar. 



Müxalif “Respublikaçı”lar partiyasının vitse-prezidenti Armen Aşotyan Ermənistanın Müstəqillik Günündə hakim administrasiyanın siyasəti ucbatından hazırda ölkədə “suverenlik” və “dövlətçilik” anlayışlarının tarixi minimuma çatdığını ifadə edib: “Paşinyan hökuməti iqtidarda qalmaqda davam edərsə, Ermənistan hətta formal mənada dövlət olmaqdan çıxacaq. Digər tərəfdən, hökumət qərarlarını erməni xalqının maraqlarını deyil, Paşinyan klanının autsayderlərinin maraqlarını rəhbər tutaraq verir. Xüsusilə son aylarda təhlükəsizlik və xarici siyasət sahələrində qəbul edilən ən mühim qərarlar erməni xalqının maraqlarına ziddir. İrəvanın qərb perspektivi də yoxdur, əks iddiaları irəli sürənlər ya cahildirlər, ya da hiyləgər. Mənim gözümdə Zelenski ilə Paşinyan indi yerlərini dəyişiblər. Bir daha vurğulayıram, əgər qlobal və regional tendensiyaları düzgün dəyərləndirməsək, gələn il bu günü təqvimdə qırmızı rənglə belə çap etməyə bilərik”. 



Etirazların qızğın vaxtında bunkerdə gizləndiyi iddia olunan Baş nazir Nikol Paşinyanın bir neçə tərəfdarları ilə görüşdüyü məlum olub. “Hraparak” nəşrinin yaydığı məlumata görə, Paşinyan komandasına açıq şəkildə bildirib ki, istefa verməyəcək, nəyin bahasına olursa-olsun, hakimiyyəti saxlayacaq. Əslində, baş nazirin bu ambisiyası İrəvanda polisin kobud hərəkətlərini, qumbaraatanlardan istifadə etməsini izah edir. Amma görünür, Paşinyan bu sərt tədbirlərin kifayət edəcəyini düşünmür. Buna görə də hakimiyyətdən getməmək üçün günahı başqalarının üstünə atmaq istəyir. Bu məqamda xatırlamaq lazımdır ki, İrəvanda etirazların alovlandığı vaxtda sosial şəbəkələrin erməni seqmentində sabiq Prezident Robert Köçəryanla Rusiyanın dövlət başçısı arasında gizli telefon danışığının səsyazısı tirajlandı. Sözügedən səsdə Köçəryan ölkəsində baş verən siyasi proseslərdən yaxa qurtarmaq istədiyini Vladimir Putinə bildirir.

 

Mümkündür ki, Paşinyan bu addımla bütün məsuliyyəti keçmiş hökumətlərin üstünə yıxmaq istəyir. Eyni zamanda iqtidar təmsilçisi bilir ki, hazırda ölkədə sistemli şəkildə anti-Rusiya meyilləri güclənir. Buna görə də bu situasiyadan Robert Koçaryan və digərlərini sıradan çıxarmaq üçün istifadə etməyə çalışır. 

Siyasi şərhçi Orxan Nəbiyev deyir ki, Ermənistanda frustrasiya yaşanır: “Nikol Paşinyan hakimiyyəti də çalışır ki, bu frustrasiyanı Rusiyaya yönəltsin. Bu kimi addımlarla - Koçaryan səs yazısını yazmaqla göstərir ki, əslində səbəb köhnə hakimiyyətdir, Paşinyan deyil və əslində səbəb Rusiyadır”.

Amma Paşinyanın öz hakimiyyətini qorumaq üçün atdığı bu addım Köçəryan-Sarkisyan cütlüyünün Rusiya hərbi-siyasi dairələri ilə yaratdığı ittifaqın yenidən ortaya çıxması ehtimalını artırır. Hətta deyə bilərik ki, artıq Köçəryan cəbhəsindən bu mesajlar verilir. Ermənistan mediasında sabiq prezidentin İrəvanda hakimiyyəti dəyişmək cəhdlərinə başçılıq edəcəyi yazılır. Rusiya elitasına ən yaxın adamlardan biri hesab olunan Köçəryanın Nikol Paşinyana qarşı mübarizənin əsas liderlərindən biri olduğunu nəzərə alsaq, İrəvanda baş verənlərə müxtəlif hərbi-siyasi dairələrin də müdaxilə etdiyini deyə bilərik. Bununla belə, nəzərə almaq lazımdır ki, Köçəryanın Baş naziri devirməsi üçün təkcə xarici qüvvələrin dəstəyini alması kifayət deyil.

 

Sabiq Prezidentin Ermənistanın hərbi strukturlarında müəyyən gücü olsa da, o, Paşinyanın istefasını təmin etmək üçün İrəvan küçələrinə 50-60 min insan çıxarmalıdır. İndiki situasiyada isə görünən odur ki, hələlik Paşinyan hökumətinin devrilməsi üçün real şərtlər formalaşmayıb. İrəvan meriyasına keçirilən seçki də bunu bir daha sübut etdi. Seçkidə rekord dərəcədə az iştirakçı fəallığı müşahidə olunsa da, hakim "Mülki Müqavilə" Partiyası “Pirr qələbəsi” qazandı. Bu, bir daha göstərdi ki, Paşinyanın mövqeləri zəifləsə də, o, rəqiblərindən daha çox seçici etimadına sahibdir. Digər tərəfdən, Moskvanın müəyyən dairələrinin Köçəryanın hakimiyyətə gəlməsində maraqlı olmasına baxmayaraq, Rusiyanın ali siyasi rəhbərliyinin bu planı dəstəkləyəcəyi inandırıcı deyil. Çünki Kreml açıq şəkildə onları müdafiə etsə, Azərbaycan və Türkiyə ilə üz-üzə gəlməli olacaq. Amma Moskvanın Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq fonunda belə addım atacağı gözlənilən deyil. 

 

Jalə