Avropa İttifaqının Qarabağ erməniləri üçün yardım ayırması müsbət haldır-Ekspertdən açıqlama
Bölmə: Siyasət › ,Tarix: 22:17 22.09.2023
Avropa İttifaqı (Aİ) Qarabağ erməniləri üçün 500 min avro dəyərində humanitar yardım ayırır. Həmçinin Aİ Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıdığını vurğulayır. Borel Azərbaycanı yardımları çatdırmağa kömək etməyə çağırır. Məsələ ilə bağlı İnformator.az saytı iqtisadçı ekspert Elçin Rəşidovdan aldığı açıqlamanı təqdim edir.
İqtisadçı Elçin Rəşidov bildirib ki, bu məsələ son zamanlar üçün müsbət haldır: "Bu problemin Putinin tərəfindən çıxıb qərbin tərəfinə keçməsi pozitiv işdir. Birinci problemin ipləri açılmalıdır ki, bu məsələ həll olunsun. İkincisi, problem ədalətli şəkildə həll olunmalıdır. Ərazi ilə bağlı olan insanların taleyi tam yaxşı şəkildə həll olunmalıdır. İnsanlar və hər iki tərəfin icmaları orada daha yaxşı dəyərlərə söykənərək yaşamalıdır. Əvvəlki millətçi, nifrəti və qəddar düşüncələr ilə yox, daha universal insani hisslərdən, dəyərlərdən normal rasional şəkildə gələcəkdə düzgün yaşaya bilərlər. Bunun baş verməsi üçün dünyada həmin dəyərlərin daşıyıcısı olan qərbin kurasiyasına keçməsi önəmlidir".
Ekspert qeyd edib ki, qərbin kurasiyasına keçməsi isə bizim regionda baş verən hadisə deyil: "Beynəlxalq arenada qüvvələrin balansının dəyişməsi prosesi gedir. Bizim region nisbətən qərbin əlinin çatmadığı bir regiondur. Bu baxımdan balansın dəyişməsi labüddür ki, qeyd edilən proseslər dəyişə bilsin. Həmin balans hazırda stabil deyil. Nəticədə, bir şeylər dəyişilərək əvvəlki balansda olmayacaq. Və dünyanın düzəni dəyişəcək".
Fatimə Mustafayeva