İran və Ermənistan nədən narahatdır? -Tərəflərin qarşılıqlı əməkdaşlığı güclənə bilər

Bölmə: Siyasət › ,
Tarix: 20:46 25.09.2023

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 1-2-də İranda səfərdə olacaq. O, Tehranda ikitərəfli münasibətlər üzrə yüksək səviyyəli danışıqlar aparacaq.

 

Son 9 ayda bu A.Qriqoryanın Tehrana ikinci səfəridir. Sonuncu dəfə o, bu il aprelin 10-da İranda səfərdə olub.


İranla Ermənistan arasında münasibətlər məlumdur. İran rəsmiləri dəfələrlə deyiblər ki, Ermənistanın sərhədlərinin toxunulmazlığı onlar üçün qırmızı xəttdir. Müsəlman dövləti olmasına baxmayaraq, Tehran uzun müddət İrəvanı dəstəkləyib. Həmçinin İranın Ermənistana silah-sursat göndərməsinə dair məlumatlar da var.


Son zamanlar İran Azərbaycana qarşı ritorikasını yumşaltmışdı. Bu, münasibətlərin gələcək perspektivi ilə bağlı ümid yaradırdı. Amma görünür, Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirləri İranı narahat etməyə başlayıb.


Əlbəttə, antiterror tədbirləri Ermənistanın özünü də çətin vəziyyətə saldı. Bu baxımdan Qriqoryanın Tehranda keçirəcəyi görüşlər zamanı antiterror tədbirlərinin nəticəsini də müzakirə edəcəyi şübhəsizdir.
Artıq həm rəsmi İrəvan, həm də Tehran başa düşürlər ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bakı bunun bir addımlığındadır. İranla Ermənistan buna mane olmağa çalışa və bu kontekstdə qarşılıqlı əməkdaşlığı artıra bilərlər.


İran Ermənistanla münasibətlərin qorunmasında maraqlıdır. Çünki regional niyyətlərini məhz İrəvan vasitəsilə həyata keçirir. Eləcə də Qərbin təzyiqlərinə baxmayaq, Ermənistanın İrana ehtiyacı var.
İstisna deyil ki, cənub qonşumuz öz maraqları naminə Ermənistandan istifadə etməyə davam edəcək. Regionda "suların durulmaması" üçün İranın Ermənistana təsir göstərməyə çalışması mümkündür. Amma Tehran mütləq Bakı ilə münasibətləri nəzərə almalıdır. Əks halda strateji səhvə yol vermiş olar.


Qriqoryanın İran rəsmiləri ilə görüşündə hansısa regional planlar barədə müzakirə aparması mümkündür. Ümid edək ki, bu fikir mübadiləsi regional əməkdaşlıq məzmununda olacaq. Əksi, yəni mənfur niyyətlər, heç şübhəsiz, bumeranq effekti verəcək.


Kənan Novruzov