Fransa Nigerdəki səfirliyin bütün işçilərini geri çağırdı
Bölmə: Siyasət › ,Tarix: 22:42 25.09.2023
Prezident Makronun verdiyi məlumata görə, Fransa ilin sonuna qədər Nigerdən qoşunlarını çıxaracaq. Bəs bundan sonra nə olacaq? Fransanın ordusunu Nigerdən çəkməsinin Parisə təsiri nə olacaq? Nigerdə vəziyyət necə ola bilər?
Fransa Prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində hökümətin Nigerdəki səfirliyin bütün işçilərini geri çağırdığını bildirib. Onun sözlərinə görə, Fransa Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və ilin sonuna qədər bu Afrika ölkəsindən ordusunu çıxarmaq niyyətindədir. Makron Parisin “terrorizmlə mübarizədə qitəyə köməyi davam etdirəcəyini” vəd edib və belə əməkdaşlığın yalnız bu istəkdə olan rəsmi, qanuni hakimiyyətlərlə aparılacağını vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron hazırki Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyini bildirib: “Çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Bu, yaxın həftələrdə təşkil olunacaq və bu, əməkdaşlığın sonu deməkdir. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir”.
Maraqlıdır, Nigerdə hərbi çevriliş bu ilin iyul ayında baş tutub. Çevrilişdən dərhal sonra Niger höküməti Fransa diplomatlarını ölkəni tərk etməyə çağırsa da, Fransa Prezidenti Emanuel Makron bu çağırışları rədd edərək, çevrilişi tanımadıqlarını bildirib. Buna baxmayaraq, Paris anidən ordusunu ölkədən çıxarmaq qərarına gəlib. İndiki məqamda Parisin belə bir addım atması Fransanın bölgədə böyük təzyiq altında olduğunu göstərir. Buna sübut olaraq, Nigerdə çevrilişdən sonra yeni hökümətin kommersiya uçuşları da daxil olmaqla Fransaya hava məkanını bağlamasını göstərmək olar. Üstəlik ekspertlər Fransanın bu məsələdə müttəfiqlərindən kifayət qədər dəstək ala bilmədiklərini bildirirlər.
Ekspert Leela Jacinto Fransanın bölgədəki mövqeyinin hazırda dözülməz vəziyyətdə olduğunu qeyd edib: “Ölkədə Fransaya qarşı nifrət hər keçən gün artır. Niameydə demək olar hər gün fransızlara qarşı etiraz aksiyaları keçirilirdi. Bütün bunlardan əlavə, Fransa müttəfiqlərindən dəstək də ala bilmirdi. Paris və müttəfiqləri çevriliş nəticəsində devrilən liderin yenidən hakimiyyətə qaytarılmasına dair müxtəlif çağırışlar edirdilər. Lakin Fransanın müttəfiqləri Parisə yetəri qədər dəstək vermədilər. Buda Fransa hökümətinin ordusunu və səfirliyini məcburi şəkildə geri çəkməsinə səbəb oldu”.
Digər tərəfdən Fransa indiyədək Nigerdə öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün terror qruplaşmalarına müxtəlif yollarla dəstək göstərirdi. Ekspertlər Parisin niyyətini indiki dönəmdə də dəyişdirməyəcəyi bildirirlər. Belə ki, Fransa ordusu bölgəni tərk edərkən, etnik qruplaşmalar arasında konflikt yarada bilər ki, bu da qısa müddətdə ölkədə lokal müharibənin başlamasına gətirib çıxaracaq. Həmçinin ekspertlərin fikrincə, Fransanın Nigeri tərk etməsi regionda iqtisadi çöküşün başlamasına da şərait yarada bilər.
Son dövrlər Afrikada baş verənlər Fransanın bölgədəki gücünü əhəmiyyətli dərəcədə sarsıdıb. Bununla belə, Fransa və bölgədəki ölkələr arasında münasibətlərin hansı formada inkişaf edəcəyini zaman göstərəcək.
Cavid