Vaşinqton hökumətinin Cənubi Qafqazdakı maraqları nələrdir?

Bölmə: Siyasət › ,
Tarix: 22:51 25.09.2023

Bir neçə gündür ABŞ rəsmilərinin İrəvana səfərləri intensivləşib. ABŞ Konqresinin nümayəndə heyətinin ardınca indi də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim və USAID-in rəhbəri Samanta Pauer Ermənistana yollanıblar. Bu səfərlərin xüsusilə regionda hadisələrin qaynar dövrünə təsadüf etməsi məsələnin arxasında digər məqamlar olduğunu düşünməyə əsaslar yaradır. Çünki Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirlərinə də ABŞ senatorları mənfi mövqe nümayiş etdirirdi.


ABŞ-dövlət katibinin müavini Yuri Kim İrəvana gedir. Son zamanlar ABŞ rəsmilərinin Ermənistana səfərinin intensivləşdiyi bir vaxtda öz çıxışlarında Azərbaycana qərəzli mövqedə dayanan xanım siyasətçinin də İrəvana üz tutması diqqət çəkir. Görünür, Yuri Kim Ermənistana dəstəyində israrlı olacağını göstərir. Amma bu israrın əsl səbəbinin Qarabağda yaşayan ermənilərin dırnaqarası problemlərindən narahatlıqdan, yoxsa ABŞ-ın dəstək adı ilə də Ermənistanda mövcudluğunu artırmaq niyyətindən qaynaqlandığı hələ müzakirə mövzusudur. Bu baxımdan Kimi USAID-in rəhbəri Samanta Pauerun müşayiət etməsi isə də təsadüfi sayılmamalıdır.  


Siyasi şərhçi İlqar Vəlizadə Yuri Kimin son bəyanatının birində Amerika Birləşmiş Ştatlarınn Ermənistana hər cür dəstək verməyə hazır olduğunu bildirib: “Mən düşünürəm ki, bu kursun reallaşdırılması üçün əməli addımlar atmaq niyyətindədir Amerika Birləşmiş Ştatları. Ermənistanın antirusiya mövqeyini möhkəmləndirmək üçün əlbəttə ki yardım lazımdır”.

ABŞ-ın bəzi kiçik çinli rəsmilərinin erməni lobbisi ilə əlaqələrini də diqqət mərkəzində saxlamaq lazımdır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın Qarabağda apardığı reinteqrasiya prosesinə qarşı senatdan gələn səslər hətta İrəvandakından daha aqressiv idi. ABŞ dövlət katibinin müavini Yuri Kimin İrəvan səfərini bu qəbildən də şərh etmək olar. Odur ki, belə şəxslərin Azərbaycana qarşı əsasız açıqlamalarını ABŞ-ın rəsmi mövqeyi kimi qəbul etmək doğru olmaz. Çünki qərbin regionla bağlı planlar yalnız Ermənistanın maraqlarını qorumaq qədər kiçik deyil. 

Siyasi şərhçi Yeganə Hacıyeva ARB 24-ə verdiyi müsahibədə qeyd edib ki, bunu heç bir halda ABŞ-ın davamlı xarici siyasəti kimi elan etmək olmaz: “Onu qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının siyasəti müxtəlif qrupların təmsilçiliyi əsasında fəaliyyət göstərən bir sistem mövcuddur. Lobbi qruplarının maliyyəsi əsasında ABŞ-ın xarici siyasətində ciddi ləkələr formalaşmaqdadır. Və bu ləkələri məhz ABŞ-ın lobbi qruplarının fəaliyyəti ilə Yaxın şərq və Cənubi Qafqazdakı maraqlarının zədələnməsilə nəticələnib”.

Bu gün həmçinin ABŞ konqresinin nümayəndə heyətinin sentyabrın 22-də başlayan İrəvan səfəri də yekunlaşır. Heyətə rəhbərlik edən senator Qari Petersin səfər çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan da daxil olmaqla bir sıra rəsmi şəxslə görüşü nəzərdə tutulurdu. Analitiklər heyətin Ermənistanın Baş naziri Nikol Paşinyanı ABŞ-ın Rusiyanı əvəz etməyə hazır olduğuna inandırmağa çalışdıqlarını düşünür. Çünki indi Vaşinqton üçün münbit zəmin formalaşıb. Ermənistan daxilində anti -Rusiya meyilləri şiddətləni. Üstəlik Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar gündəmdədir.

Rusiyanın hegemonluğunun tənəzzülü Qərbin canlanması ilə eyni vaxtda baş verir. Bu, Vaşinqtona həmçinin NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə ilə strateji tərəfdaşlığını bərpa etmək və Azərbaycanla yeni müttəfiqlik qurmaq imkanı yaradıb. Digər mühim amil Azərbaycanın enerji həbi rolunu oynamasıdır. Türkiyə üzərindən Balkanlara və İtaliyaya neft və qaz nəqli Avropanın Rusiya qazından asılılığının azaldılmasında strateji rol oynayır. Vaşinqton belə bir tərəfaşı itirmək istəməz. Ancaq Moskvanın gedişata səssiz qalacağı gözlənilmir. Çünki Kremlin illərdir söz sahibi olduğu Cənubi Qafqazdan Qərb faktoru səbəbindən çəkilmək niyyəti yoxdur. Görünən odur ki, indi regionda Vaşinqton -Moskva maraqları toqquşur. Məhz buna görə də Birləşmiş Ştatların Qafqaz arzusunun tez bir zamanda reallaşacağı gözlənilmir. Həmçinin ABŞ üçün qarşıdan prezident seçkiləri gəlir. Odur ki, Demokrtaların yerini respublikaçıların əvəzləyəcəyi təqdirdə Ağ evin siyasətinin gələcək istiqaməti sual altındadır...