İrəvanda kütləvi iğtişaşlar alovlanır

Bölmə: Siyasət › ,
Tarix: 23:17 25.09.2023

Ermənistandakı aksiyalar hələ də davam edir. Münaqişələr həyatı iflic vəziyyətinə salıb desək yeridir. Ekspertlərin sözlərinə görə, etirazların getdikcə şiddətlənməsində bir çox ölkələrin əli var. Paşinyanı devirmək və hakimiyyətdə saxlamaq üçün Rusiya və Qərb qüvvələri mübarizə aparırlar. Baş verənlər fonunda İrəvanda ola biləcək mümkün ssenari nə olacaq? 


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar daha da geniş vüsət almaqda davam edir. Artıq yüzlərlə insan bununla bağlı həbs edilir və ya çıxış yolunu ölkəni tərk etməkdə görür. Etirazçıların tək tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Etirazların daha geniş arenaya yayılmasında müxtəlif vasitəçilər var. Bəzi analitiklər prosesdə separatçıların əli olduğu qənaətindədir. Bu vasitə ilə seperatçılar onların siyasətini dəstəkləməyən hakimiyyətdən bir növ qisas almağı planlaşdırır. Bir digər tərəfdən isə bəzi mütəşəkkil dəstələr də İrəvanda kütləvi iğtişaşları daha da alovlandırmağa çalışırlar. Araşdırmalara görə, etirazçıların bir qrupu Ermənistanın keçmiş liderlərinin övladları tərəfindən idarə edilir. Bununla yanaşı, Paşinyanı hakimiyyətdən göndərmək və insanlara alternativ variantların olduğunu diktə etmək Rusiyanın da hazırki planıdır. Ölkə öz maraqlarına uyğun olaraq, Qərbə meyl edən Paşinyanla yoluna davam etmək istəmir.  

Siyasi şərhçi İlyas Hüseynov belə hesab edir: “Yeni gələn Rusiya meyilli namizəd bir daha Qərbə tərəf baxan, Qərbin standartlarını ölkədə təmin edən, Qərbə inteqrasiya etmək yolunu tutan şəxsin hakimiyyətə gəlməsini bloklayacaq. Belə bir hadisənin baş verməsi isə mümkün olmayacaq. Buna görə də Qərb əlindən gələn bütün imkanlardan istifadə edir ki, Paşinyan hakimiyyətdən getməsin. Hətta ona informasiya dəstəyi də verilir”.

Mütəxəssislərin sözlərinə görə, ABŞ və Fransa Nikol Paşinyanın istefasını istəmir.

Digər tərəfdən, Paşinyanın Qərb tərəfdaşları onun hakimiyyətdə qalmasını və fəaliyyətini davam etdirməsini istəyirlər. Birləşmiş Ştatların münaqişələrə və etirazlara daha çox selektiv yanaşdığı hər kəsə məlumdur. Bu isə Ermənistana olan marağından qaynaqlanmır. Əsas səbəb ABŞ-ın bölgədəki mövqeyini gücləndirmək istəyidir. Bunun üçün isə ideal variant onun sözünə baxan bir liderdir. ABŞ-ın Paşinyanı hakimiyyətdə saxlamaq istəyi yeni dünya nizamı istiqamətində atılan addım kimi xarakterizə olunmalıdır. Rəsmi Parisin Paşinyan sevdası isə hər kəsə məlumdur. O da sirr deyil ki, iki ölkə arasında mübahisəli məsələlərə daha çox Rusiya vasitəçilik edir. Bununla da belə qənaətə gəlmək olar ki, rəsmi Paris Moskvanın regiondakı nüfuzuna zərbə vurmaq istəyir. ABŞ, Fransa və digər bu kimi ölkələrin Cənubi Qafqazda möhkəmlənməsi üçün Paşinyanın hakimiyyətdən getməsi uyğun gəlmir. Ona görə də ölkələr Paşinyandan bir növ piyada kimi istifadə edirlər. 

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Paşinyan hakimiyyətinin daha bir üstünlüyü onun Qərb tərəfindən dəstəklənməsidir: “İndiki situasiyada Ermənistanın daxilindəki müdaxiləsi daha çox olsa belə Paşinyanın aksiyalara hər üsuldan istifadə etmək imkanı var. Çünki bu məsələ ilə adətən Qərb ölkələri aqressiv mövqe sərgiləyirlər. Belə görünür ki, Paşinyanın limitsiz bir imkanı var. Hakimiyyəti qorumaq üçün belə bir icazə veriblər”.

Ekspertlərin sözlərinə görə, mitinqlərin daha da şiddətlənməsi Paşinyan hakimiyyətinin devriləcəyi mənasına gəlmir. Çünki Ermənistandakı siyasi və iqtisadi proseslərdən qaynaqlanaraq ölkədə situasiya hər an dəyişə bilər. Paşinyanı hakimiyyətdən salmaq cəhdləri uğurlu olmasa da, Qərbin bölgədə möhkəmlənmək arzusu Rusiyanın müdaxiləsi ilə puç olacaq. 

 

Fidan