Koçaryanın da oğlu etirazlarda həbs olunub
Bölmə: Siyasət › ,Tarix: 23:40 25.09.2023
İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 200-ü ötüb. Paşinyan hakimiyyətinə qarşı etirazlarda saxlanılan keçmiş prezidentin oğlu Levon Koçaryan dörd polis əməkdaşını döyməkdə ittiham olunaraq həbs edilib.
İrəvanda itaətsizlik aksiyaları günü-gündən şiddətlənir. Ermənistanın Azərbaycana qoşun yeritməsini, erməni separatçılarına hərbi-siyasi dəstək verilməsini istəyən, Nikol Paşinyanın proseslərə müdaxilə edə bilməməsinə qıcıqlanan ermənilər baş nazirin istefası üçün ayağa qalxıblar. Separatizmin məğlubiyyətini həzm edə bilməyənlər İrəvanın mərkəzindəki bir çox küçələrinə giriş-çıxışı məhdudlaşdırıblar. Siyasi şərhçilər deyir ki, iqtisadi çətinliklər, siyasi repressiyalar, vergilərin və kommunal xərclərin çoxluğundan narazı olan kütlə də bu aksiyanı göydəndüşmə hesab edib. Lakin onu da xatırlatmaq yerinə düşər ki, erməni xalqı, indi məğlubiyyətinə görə devirməyə çalışdığı hökümət başçısını 44 günlük vətən müharibəsində ölkənin verdiyi itkiləri görməzdən gəlib 2021-ci ildə yenidən baş nazir seçib.
Politoloq Züriyə Qarayeva deyir ki, Paşinyanın növbəti seçkilərdə qələbəsini təmin etdilər: “Bu tarixdə görülməmiş bir hadisə idi ki, bir ölkənin məğlub lideri növbəti dəfə seçkilərdə qalib oldu. Baş verən iğtişaşlar da hələ də Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsini dəstəkləyən qüvvələrdir. Hansı ki bu qüvvələr daha çox Qarabağ klanının təmsilçiləridir. Və bu təmsilçilərin iğtişaşlara səslədiyi vətəndaşlar bu gün bu etirazları başlatmaqla bir görüntü yaratmağa çalışırlar ki, guya bu vəziyyətlə barışmayacaqlar”.
Artıq müxaliflərdən 200-dən çoxu nəzarətə götürülüb. Onların arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var. Əvvəl sosial şəbəkədə yayılan görüntülərdə onu polis əməkdaşlarının döydüyü əks olunmuşdu. Lakin sonradan sabiq prezidentin oğlu 4 polis əməkdaşını döyməkdə ittiham olunaraq 1 ay müddətinə həbs edilib.
Politoloq Yeganə Hacıyeva hesab edir ki, bundan əlavə Nikol Paşinyan hökuməti etirazların fonunda özünün əsas rəqibləri hesab etdiyi şəxslərə qarşı həbslərin aparılmasına, repressiyalara start verib: “Etirazları dəyərləndirsək etirazlar 3 müxtəlif qrup, 3 müxtəlif istiqamət üzrə həyata keçirilir. Və burada birinci qrup Qarabağdakı proseslər üzərindən etirazlardır, ikinci qrup isə sosial çətinliklər üzərindən vergilərin çoxluğudur. Kommunal xərclərin çoxluğu, təqaüdlərin azlığı və s mövzularda etirazlardır”.
Xatırladaq ki, aksiya ayın 19-dan bəri davam edir. Etirazçılar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini deyirlər.
Aysu