Paşinyanın başı üzərində qara buludlar gəzir

Bölmə: Siyasət › ,
Tarix: 13:55 27.09.2023

   İrəvanda hökümət əleyhinə etirazların davam etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına Vaşinqtondakı ən böyük erməni lobbisi sərt ittihamlar səsləndirir. Bu açıqlamaları “sui-qəsd çağırışı” kimi şərh edənlər də var. Məsələyə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də reaksiya verib. Paşinyanın başı üzərində qara buludların gəzdiyini ona qarşı həqiqətən sui-qəsd törətmək istəyənlərin bu gün saxlanılması da bir daha sübut etdi. Bəs Erməni baş naziri həm xarici, həm də daxili qüvvələrin bu qədər sıxışdırmasına əsas səbəb nədir?  
 
  Erməni lobbisinin hədəf taxtasında bu dəfə Nikol Paşinyandır. ABŞ-dəki ən böyük erməni lobbisi olan "Amerika Erməni Milli Komitəsi"nin Vaşinqton direktoru Aram Suren Hamparyan facebook hesabındakı paylaşımında Paşinyanın tərəfdarlarına belə bir çağırış edib. “Pul kisəsi haqqında düşünməkdənsə, ürəyinə qulaq asaraq hərəkət et”. O, baş naziri Qarabağda gedən proseslərə reaksiyasız qalmaqda da ittiham edib. Ekspertlər Ermənistan daxilində çaxnaşmaların olduğu bir vaxtda erməni lobbisinin bu cür ittihamlarını Paşinyanı sıxışdırmaq cəhdi kimi şərh edirlər. Siyasi şərhçi Turan Rzayevin ARB24 TV-yə verdiyi açıqlamaya görə, Paşinyanıın Qarabağ məsələsindən kənarda dayanması, son atiterror tədbirləri zamanı prosesə müdaxilə etməməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bir neçə dəfə çıxışlar etməsi öz növbəsində lobbi və erməni diaqporasının, habelə erməni kilsəsinin maraqlarını əsaslı surətdə pozub. “Onların uzun illərdir Avropada yaydıqları dezinformasiya yalanları bir növ ifşa olub. Buna görə də lobbi və diasporanın Paşinyana qarşı mövqeyindəki dəyişiklik  hardasa başa düşüləndir. Bu istiqamətdə də Paşinyana qarşı əslində bacardıqları şeyi edirlər”.

  Əvvəlcə onu qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-də daha çox 1915-ci il hadisələri ilə bağlı Ermənistan tərəfinin uydurma iddialarını rəsmən tanıtmaq, Türkiyəyə qarşı sanksiyaların tətbiqinə nail olmaq kimi səyləri ilə tanınır. 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azadlığa buraxılması üçün də böyük səy göstərib. Təşkilat son illərdə erməni terror qruplarına dəstəyini də artırıb. Regionda vəziyyətin stabilləşməyə getdiyi bir vaxtda adıçəkilən lobbi qrupunun Nikol Paşinyanla bağlı qarayaxma kampaniyasına başlaması da səbəbsiz deyil. Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra bu lobbi təşkilatı ilə Ermənistanın əlaqələri zəifləyib. Bir sözlə baş nazirin hakimiyyətdə qalması onlara sərf etmir. 

  Lobbidən gələn təhdidlər fonunda daxildəki Paşinyan əlehdarları da baş nazirin kürsüsü ilə vidalaşmasına səy göstərir. Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, baş nazirə və hökumət üzvlərinə sui-qəsd törətmək iddiası ilə son bir neçə gündə 8 nəfər saxlanılıb. Tutulanlar arasında Ermənistanın "Yerkrapah" hərbi təşkilatının keçmiş sədr müavini Albert Bazeyan da var. O, baş nazirə sui-qəsdə hazırlaşdığına görə həbs edilib. Ermənistan müxalifətinin liderlərindən biri Andranik Tevanyan isə hökümətin oktyabrın 5-dək istefa verməli olduğunu deyib. O, bunu mümkün Paşinyan-Əliyev görüşündə Nikolun Ermənistan üçün mənfi sonluqlu sənədlər imzalaya bilmə ehtimalı ilə əlaqələndirib. Bəs Nikol Paşinyan bu təzyiqlərə qarşı tab gətirə biləcəkmi? Siyasi şərhçi Oqtay Qasımov deyir ki, onun bu təzyiqlər qarşısında davam gətirməsi üçün kifayət qədər imkanları var. “Həm daxili resurslar yetərli qədər var. Eyni zamanda iki mühüm amil Paşinyana bu işdə yardım edə bilər. Birincisi ABŞ başqa olmaqla kollektiv Qərbin israrla Paşinyanı müdafiə etməsi onun hakimiyyətinin qorunmasına yardım edə bilər. Digər bir faktor isə Qarabağdan hazırda Ermənistana qayıdan kütlənin İrəvana buraxılmaması Paşinyan hakimiyyətinin qorunmasına yardım edə biləcəyini düşünürəm”. 

  Erməni lobbisi İrəvan hakimiyyətinə qarşı bu cür sərt reaksiyanı Türkiyə ilə sərhədlərin açılması məsələsində də göstərmişdi. Amma siyasi şərhçilərin fikrincə, Paşinyan da yaxşı bilir ki, ölkəsinin iqtisadiyyatı çöküb. Maliyyə durumunu yaxşılaşdırmaq üçün qonşu dövlətlərlə iqtisadi əlaqələrin bərpası mütləqdir. Azərbaycan və Türkiyə ilə münasibətlərə gəldikdə, yeni ticarət yollarının açılması rəsmi İrəvanın satış bazarını da genişləndirmiş olacaq.  

FİDAN MƏMMƏDLİ