27 SENTYABR - YOLUN BAŞLANĞICI
Bölmə: Siyasət › ,Tarix: 16:47 27.09.2023
3 il əvvəl bu gün düşmən cəbhəboyu təxribata əl atdı. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında ölənlər və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Cavab isə gecikmədi. Vətən müharibəsinin başladığı gün "ARB XƏBƏR"in gözü ilə.
27 sentyabr, saat 06:00... Ermənistan Silahlı qüvvələri genişmiqyaslı təxribat törətməyə başladı. İri çaplı silahlardan, minaatanlardan Silahlı qüvvələrimizin cəbhəboyu yerləşən mövqelərini və yaşayış məntəqələrini intensiv atəş altında saxlayırdılar. Ordumuz cavab tədbirləri gördü, amma səbr sonsuz deyildi. Vaxt da yetişmişdi. Təxribat əməllərinə cavab verməklə yanaşı daha irəli getmək və torpaqlarımızı işğaldan azad etmək.. Silahlı Qüvvələrimiz cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurdu və döyüş fəaliyyətinin qarşısını aldı. Bir qədər sonra isə ordumuzu daha müqəddəs və məsuliyyətli vəzifə gözləyirdi - Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək. Azərbaycan Ordusunun komandanlığı bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar olunaraq məhv edildi.
Hərbi ekspert Elxan Şixəliyevin sözlərinə görə, müharibənini başlaması ilə aldatma tədbirləri ilə, xüsusən də AN2 təyyarələrinin aldatma döyüş təyyarələri kimi düşmənə göstərilməklə yalnış hədəf müəyyənləşdirilməsinə nail olundu. " Qarşı tərəfin radioelektron mübarizə və əks tədbir görəcək bir beyin mərkəzlərini, xüsusən də raket sistemlərini aşkar edib məhv taktikası bütün dünyada, bütün müharibələrdə birinci dəfə həyata keçirilən məsələ idi. Təyyarələrimiz öncə pilotlu, sonra da pilotsuz halda gedib hədəfə qədər çırpırdılar".
Hərbi ekspert Ədalət Verdiyev də Azərbaycan ordusunun aldatma planlarının uğurunu xüsuslə qeyd edir. "Bir neçə istiqamətdə yanıltmaq məqsədilə düşmənə kiçik miqyaslı döyüşləri imitasiya etdik. Amma əsas zərbələrimizi 3 istiqamətdən Talış, Suqovuşan, Lələtəpə, Cəbrayıl, Füzuli Qaraxanbəyli istiqamətində endirdik. Bir neçə, cəmisi bir neçə saata hər 3 istiqamətdə düşmənin müqavimətinin qırılması, Füzuli və Cəbrayıl istiqamətində isə 8 kəndin Azərəbyacanın nəzarətinə keçməsi ilə nəticələndi".
Ordumuzun uğurla icra etdiyi döyüş tapşırıqlarından biri də Ohanyan səddinin yarılması idi. Ermənistan bu səddin yarılmasını mümkünsüz hesab edirdi. Silahlı qüvvələrimiz isə müharibənin ilk günü və qısa müddət ərzində bu səddi yararaq düşmənə ağır zərbə vurdu. "6, bəzən 8 qat maneələrdən ibarət olan, xüsusi ilə də bir neçə qatı onların tank əleyinə və ya piyada əleyhinə minalar idi. Belə bir sahəni qısa müddətdə keçmək, həm də düşməni məğlubiyyətə uğratmaq, həmin birinci eşalonu yarmaq vacib və çətin məsələdir. İstənilən müharibədə, istənilən əməliyyatda ilk birinci eşalonun yarılması həm daha çox itki ilə müşahidə olunur, həm daha çətin vəzifə hesab edilir. Amma Azərbaycan ordusunun imkanları, silahları, gənc övladlarımızın qəhrəmanlığı bu kimi çətin mürəkkəb vəzifələri ən çətin şəraitdə çətin relyefdə, hətta çətin iqlim şəraitində belə yerinə yetirməyə imkan verdi".
"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" Bu şüarla da Azərbaycan ordu, xalq, dövlət birliyi, dost ölkələrin mənəvi dəstəyi ilə 27 sentyabrla başlanan və 9 noyabra qədər davam edən şərəfli yola başladı. Yolun sonu isə haqlının qələbəsi ilə bitəcəkdi.
NƏRGİZ