ERMƏNİ VANDALLIĞI RƏQƏMLƏRDƏ
Bölmə: Siyasət › ,Tarix: 21:17 27.09.2023
Tarix boyu soydaşlarımız erməni vandallığının qurbanı olub. Özəlliklə də 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələri hərbi infrastrukturu deyil, qanunsuz olaraq dinc sakinlərin sıx toplaşdığı əraziləri və mülki obyektləri hədəfə almaqla daha çox tələfata səbəb olub.
2020-ci ilin sentyabr-noyabrında baş vermiş 2-ci Qarabağ Müharibəsi zamanı Ermənistan hərbi qüvvələri mülki infrastruktur obyektləri və dinc əhalini hədəfə aldı. Bu barədə faktlar “Human Rights Watch” təşkilatının 11 dekabr tarixli məruzəsində də yer alır. Ermənistan tərəfi qeyri-qanuni olaraq hərbçilər və mülki əhali arasında fərq qoymadan ölkəmizə qarşı kasetli silahlardan istifadə etdi. İlkin hesablamalara görə, 30 oktyabra qədər ağır artilleriya atəşləri nəticəsində uşaq, qadın və qocalar da daxil olmaqla 94 mülki öldürüldü, 400-dən çox şəxs isə yaralandı.
Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərini ağır artilleriya hücumlarına məruz qoyaraq xeyli sayda insanın həyatına qəsd etdi. Oktyabrın 29-na olan məlumata görə, silahlı hücum nəticəsində 2 406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər gördü və yararsız hala düşdü.
27 sentyabr axşam saat 5-6 radələrində Ermənistan silahlı qüvvələri Naftalan rayonunun Qaşaltı kəndini hədəfə aldı. Hücum zamanı mülki əhali, o cümlədən Qurbanovlar ailəsinin beş üzvü qətlə yetirildi, bir neçə ev dağıdıldı.
Ermənistanın təxribatı barədə 3 hadisə şahidi “Human Rights Watch” təşkilatına bildirib. Təşkilat ciddi ziyan görmüş bu evə baxış keçirib və həyətdə iri kalibrli artilleriyanın qəlpələrinə aid olan bir partlayıcı qalıqları tapıb. Ermənistanın silahlı qüvvələrinin vandalizm aktları bununla yekunlaşmır.
Oktyabrın 4-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə raket zərbələri endirdi. Nəticədə bir mülki şəxs həlak oldu.
5 oktyabrda ağır artilleriya ilə vurulan Gəncənin Böyük Bazar ticarət mərkəzində yaralanmış 3 nəfər xəstəxanaya yerləşdirildi. “Human Rights Watch” təşkilatının hesabatına görə, qeyri-dəqiqliklə geniş əraziləri hədəf alan bu partlayıcı silahlar əhalinin məskunlaşdığı ərazilərdə hərbi qüvvələrlə mülki əhali arasında fərq qoymadan istifadə edilib.
Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Gəncə şəhərində məskunlaşmanın sıx olduğu ərazilərə başlatdığı artilleriya hücumları nəticəsində Məscid və qəbiristanlıq hədəf seçildi.
Oktyabrın 11-i saat 01:50-də Ermənistan hərbi qüvvələri Gəncə şəhərinin Ələkbər bəy Rəfibəyli və Heydər Əliyev prospektinin paralel küçələri arasında yerləşən yaşayış məhəlləsinə partlayan Scud-B ballistik raketi ilə zərbə endirildi. Hücum nəticəsində 10 mülki şəxs həyatını itirdi, 34 nəfər yaralandı. 17 oktyabr saat 01.00 radələrində Gəncədə iki yaşayış məhəlləsinə ballistik raket atıldı. Nəticədə 6 noyabr tarixində aldığı yaralardan həyatını itirən beş nəfər də daxil olmaqla 21 mülki şəxs həlak oldu.
5 oktyabr saat 12:30 radələrində Bərdə şəhəri, Təbriz küçəsindəki yaşayış evini Ermənistan silahlı qüvvələri ağır artilleriya atəşinə tutdu. Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşudü. Nəticədə evdə yanğın başladı və ev tamamilə yararsız hala düşdü. Baş Prokurorluqdan bildirildi ki, 8 oktyabr səhər saat 10-dan etibarən intensiv atəş və artilleriya atəşi nəticəsində Bərdə rayonunda 7 nəfər yaralandı.
Oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atdığı raket atəşləri nəticəsində 5 mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirdi və aralarında uşaq və qadınlar olmaqla 13 şəxs ağır xəsarət aldı. Növbəti gün saat 01.30-da da Bərdə şəhəri yenidən raketlə hədəfə alındı. Bu dəfə zərbə şəhərin Müalicə və Diaqnostika Mərkəzinə endirildi. “Human Rights Watch”un məlumatına görə, nəticədə 21 mülki şəxs öldü və 70 nəfər yaralandı.
Oktyabrın 4-ə keçən gecə isə Tərtər rayonunda yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir neçə mülki şəxs yaralandı, evlərə və infrastruktura ciddi ziyan dəydi.
Ermənistan silahlı qüvvələri oktyabrın 5-ə keçən gecə Tərtərin Əskipara kəndində əhalinin sıx yaşadığı məntəqələri və tam orta məktəbi artilleriya atəşinə tutdu. Nəticədə mülki obyektlərə və dinc əhalinin əmlakına külli miqdarda ziyan dəydi.
11 oktyabrda Ermənistan silahlı qüvvələrinin Tərtərin mərkəzində yerləşən Şıxarx qəsəbəsini intensiv atəşə tutmaları nəticəsində qəsəbədə yerləşən evlərin əksəriyyəti tamamilə yararsız hala düşdü. Analoji hal oktyabrın 13-də də yaşandı.
Oktyabrın 15-də saat 12.45 radələrində Ermənistan hərbi qüvvələri Tərtərin 400 metrliyində yerləşən məzarlığı atəşə tutdu. Hadisə zamanı cənazə mərasimində iştirak edən 4 mülki şəxs həyatını itirdi, daha 4 nəfər yaralandı.
Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq oktyabrın 26-da səhər saat 08:00-da Ermənistan silahlı qüvvələri Tərtərin Qazyan kəndini atəşə tutdu. Nəticədə bir neçə evə ciddi ziyan dəydi və 2 ev tamamilə yararsız hala düşdü.
Oktyabrın 2-si səhər saatlarından etibarən Ağdamın cəbhə xəttində yerləşən Baharlı kəndi ağır artilleriya atəşinə tutuldu. Nəticədə çoxsaylı mülki məntəqələr, obyektlər hədəfə çevrildi. 8 yaşayış evi tamamilə yarasız hala düşdü.
Oktyabrın 8-də isə Ermənistan silahlı qüvvələri Ağdamın qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriyadan intensiv atəşə tutmağa davam edirdi. Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 4 ev dağıldı, 10 evə ziyan dəydi.
Ermənistanın Azərbaycanın önəmli mülki infrastrukturuna qarşı qəsdən və məqsədli hücumunun növbəti sübutu isə Mingəçevirə edilən hücumdur. Belə ki, Ermənistan silahlı qüvvələrinin endirdiyi zərbələr nəticəsində raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşdü, lakin partlamadı.
11 oktyabr saat 4 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən 100 km aralıda yerləşən 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasını hədəf alaraq raket hücumları həyata keçirdi.
Gəncə hadisələrinin şahidi Sahəddin Qasımov o günləri belə xatırlayır: “Gecə saat 2 radələrində partlayış, səs, uğultu. Hər şey dağılıb, qaranlıq. Heç nə tapa bilmədim, paltar-zad, heç nə. Sadəcə bir dənə daşların üzərinə çıxdım. Necə deyərlər, balaca bir çıxış yeri var idi, pəncərə kimi bir şey...Oradan çıxdım, qapqaranlıq, hər şey dağılıb. Əsas dağılma nöqtələrindən biri mənim evim idi. Avtomobilim orada idi, avtomobilim tanınmaz hala düşmüşdü, evim tamamilə dağılmışdı. Təsəvvür eliyin ki, 110 kv – 116 kv mənzildən, cəmisi 3-4 kv salamat yer qalmışdı, mən də orada idim. Həyatını itirdi 10 nəfər bizim ətrafda. Bir gündə ki, 38 min könüllü ərizə yazan xalqı bir dənə bomba ilə, raketlə qorxutmaq olardımı?”.
Elə müsahibimizin də dediyi kimi, mülki infrastrukturun bomba yağışına tutulması belə xalqımızın əzmini qıra bilmədi. 44 günlük Vətən Müharibəsi tarixə ordumuzun qələbəsi kimi yazıldı. Bu gün isə bir zamanlar soydaşlarımıza amansız münasibət göstərənlərə, biz humanizm əlimizi uzatmaqla cavab veririk. Həm ədalətli, həm də vicdanlı...
ZEYNƏB