MİNA XƏRİTƏLƏRİ İLƏ BAĞLI TƏZYİQLƏR ARTIRILMALIDIR
Bölmə: Siyasət › ,Tarix: 23:06 27.09.2023
İşğaldan azad olunan ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərlə bağlı hesabat hazırlanıb. Əsas məqsəd ermənilərin Azərbaycan torpaqlarına törətdiyi mina terroruna beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdir.
Baş verən son hadisələr bir daha sübut etdi ki, Ermənistan Azərbaycana qarşı gizli müharibəni davam etdirir. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar ərazilərimizi mina tarlasına çevirməklə məşğul olub. Elə bu səbəbdən Azərbaycan, minalarla çirkləndirilən ölkələr siyahısında ilk onluqdadır. Minalar Əleyhinə Kompaniyalar İctimai birliyinin sədri Hafiz Səfixanovun sözlərinə görə, problemə dünyanın diqqətini cəlb etmək üçün işğaldan azad olunan ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabat hazırlanıb. “Məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatların yaratdığı problem barədə hesabat hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir. Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları, insanların mina qurbanı olmasının səbəbləri öz əksini tapıb”.
Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. “Çünki bu bəla ilə tək mübarizə aparmaq böyük vəsait, ən əsası isə uzun müddət tələb edib. Buna görə,problemə beynəlxalq ictimaiyyətin həm siyasi, həm də əməli dəstəyi olmalı, mina xəritələrinin Azərbaycana təhvil verilməsində Ermənistana təzyiqləri artırmalıdır”.
Hesabatda yer alan məlumatlara görə, ötən 3 ildə ermənilərin mina terroru nəticəsində 63 nəfər dünyasını dəyişib, 254 nəfərsə xəsarət alıb.
TAMİLLA