"Azərbaycan əhalisini təkcə Qarabağa deyil, Ermənistan ərazisinə də köçürə bilər.- Rusiyalı politoloq hüquqi yolları AÇIQLAYIR

Bölmə: Siyasət › ,
Tarix: 09:06 28.09.2023

Rusiya və Ermənistan əlaqələrinin uçuruma doğru getdiyi vaxtda, gözlənilən Qranada görüşündə Paşinyanın Moskvanı hədəf alan yeni həmlələr edəcəyi bildirilir. Hraparak nəşri Ermənistanın baş nazirinin bu görüşdə 10 noyabr bəyanatının 9 saylı bəndinin ləğvi məsələsini gündəmə gətirəcəyini yazır. Həmin bənd isə Rusiya ilə bağlıdır. Görünür, Paşinyan Moskvanı  Türkiyə ilə Azərbaycan arasında kommunikasiyalara nəzarət imkanından məhrum etmək niyyətindədir. Paralel olaraq İrəvan Moskva əlaqələrinin pisləşməsini Fransa öz lehinə çevirməyə çalışır. Cənubi Qafqazda söz sahibi olmaq uğrunda mövqelərin toqquşduğu vaxtda gedişat hansı nəticələrə  gətirib çıxaracaq.

 

Nikol Paşinyan anti-Rusiya kursunu davam etdirməkdə israrlı görünür. Ermənistanın Hraparak nəşri Avropa Siyasi Birliyinin üçüncü sammitində Nikol Paşinyanın 10 noyabr bəyanatının  9 saylı bəndinin ləğvi məsələsini gündəmə gətirmək niyyətində olduğunu yazır. Həmin bəndə əsasən, İrəvan vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan  arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti isə  Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirməlidir. Hraparak iddia edir ki, erməni Baş nazir  bu bəndin ləğvi  ilə faktiki olaraq Kremli Cənubi Qafqazdan qoparmağı hədəfləyir. Çünki son zamanlar iki ölkə rəsmiləri səviyyəsində münasibətlərin dalana dirənməsi Ermənistanın Moskva ilə bütün istiqamətlərdə  sağollaşmasına gətirib çıxarır. 10 noyabr bəyanatının 9-cu bəndi isə İrəvanın bu istəyinin qarşısında mane olur. Siyasi şərhçi Nazim Cəfərsoy ARB24-ə bildirib ki, bu məsələdə Azərbaycan tərəfi könüllü olmayacaq: “Çünki bu, Kremllə qurulan o münasibətlər sisteminə zərbə vura bilər. Paşinyanın məqsədindən biri də budur ki, Azərbaycanla Rusiyanın münasibətlərinə zərbə vursun. Digər məsələ isə əgər Azərbaycan hansısa mövzuda dəyişiklik edəcəksə, bunu Qərb arenasında etməyəcək. Bunu Moskva ilə danışaraq edəcək”. 

 

Paşinyanın avantürası Ermənistanın müstəqilliyi və suverenliyi üçün ciddi nəticələr verə bilər. Çünki Rusiyanın regionu belə asanlıqla tərk edəcəyi gözlənilən deyil. Rusiyalı politoloq Oleq Kuznetsovun fikrincə, zərurət yaranarsa, Kreml 9-cu bəndi güc yolu ilə həyata keçirə bilər. Artıq Moskvanın hərəkətə keçdiyinə dair ilkin siqnallar da var:

 

“Paşinyanın düşüncələri mənə tamamilə aydındır. O qorxur ki, Zəngəzur dəhlizi açılsa, magistral və dəmiryolunun müəyyən hissəsi İrəvandan başlayaraq Qafanla kəsişəcək. Bilirik ki, 1980-ci illərin sonu 1990-cı illərin əvvəli ermənilər bu ərazidən 50-70 min etnik azərbaycanlını qovublar. Azərbaycanlıların bir vaxtlar bu regionda çoxluq təşkil etdiyini nəzərə alsaq, domino effektinin baş verəcəyi qaçılmazdır. Azərbaycan hüquqi baxımdan iddia qaldıra və əhalisini təkcə Qarabağa deyil, həm də azərbaycanlıların yaşadığı Ermənistan ərazisinə köçürə bilər. Buna görə də Paşinyanın bütün gücü ilə Zəngəzur nəqliyyat dəhlizinin açılmamasına çalışması təəccüblü deyil”.

 

Rusiya Ermənistan münasibətlərinin pozulması isə Qərb, xüsusən də Fransa üçün yeni qapılar açıb. Paris  Cənubi Qafqazda Moskvanın yerinə keçmək istiqamətində addımları artırıb. Öz açıqlamalarında Azərbaycanı daim hədəf seçən Fransa Xarici işlər Naziri Ketrin Klonna isə dırnaqarası müttəfiqlərini qorumaq üçün atılacaq addımlardan danışıb.  Tezliklə sərhəddə yerləşən Zəngəzur  bölgəsində konsulluq mərkəzi açılacağını deyən xanım siyasətçi Ermənistanla müdafiə sahəsində əməkdaşlığın dərinləşdirildiyini də bildirib. Hər fürsətdə Qarabağdakı xunta rejiminə canıyananlıq nümayiş etdirən Fransanın son hadisələrdən sonra  bölgədən əli üzülüb. Siyasi şərhçi Fikrət Sadıqov hesab edir ki, indi Parisin erməniləri  qoruma cəhdləri ancaq Ermənistan ərazisi ilə məhdudlaşır:

 

“Düşünmürəm ki, onlar bununla hansısa nailiyyətlərə nail olsunlar. Əgər onlar bu addımla regionda mövcudluğu təsdiq etmək istəyirlərsə, bunlar hamısı boş məsələlərdir. Bunlar hamısı Fransa və onların, necə deyərlər, bacısına aid olan məsələlərdir. Çünki biz hər bir tərəfə öz tutarlı cavabımızı veririk”. 

 

Bəzi qərbli analitiklərsə Fransanın məhz Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri sonrası konsulluq məsələsini gündəmə gətirməsini təsadüf hesab etmir. Üstəlik Ermənistan daxilindəki siyasi dairələrdə də  Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı konkret tələblər irəli sürməsi narahatlıqla qarşılanıb. Amma Rəsmi Bakı elan etdi ki, Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmaq niyyəti yoxdur. Odur ki,  Fransanın Zəngəzurda konsulluq açmaq niyyəti bölgəyə soxulmaq cəhdindən başqa bir şey deyil.

 

FİDAN MƏMMƏDLİ