''ARTSAX'' LƏĞV OLUNDU - DEPUTAT RƏYLƏRİ

Bölmə: Siyasət › ,
Tarix: 17:41 28.09.2023

''Qondarma "Artsax Respublikası" ləğv olunub, separatçı rejim özünü buraxdığını elan edib. Bu barədə separatçı quruma başçılıq edən Samvel Şahramanyan "qərar" verib''.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı informator.az -a açıqlama edib. Deputat deyir ki, bu hadisə  Azərbaycanın qətiyyətli addımlarının nəticəsidir:


"Azərbaycan uzun müddət öz ərazilərini sona qədər azad etməyi planlaşdırıb. Separatçı rejim isə özünü buraxmamaya, yenidən müharibəyə başlamağa hazırlaşıb. Ancaq Azərbaycan düzgün zamanda öz addımlarını atdı və o bölgəyə daxil olaraq qısa müddətdə öz ərazi bütövlüyünü təmin etdi, bir sıra addımları atmağa başladı. Biz bu gün deyə bilərik ki, Azərbaycan uğurla öz hədəflərinə doğru irəliləyir. Və bizim atdığımız bu addımlar önəmli addım kimi qiymətləndirilməlidir. Təəsüflə qeyd etmək lazımdır ki, biz uzun müddət Ermənistanın yalnız təxribatlar etdiyinin şahidi olduq. Azərbaycan böyük uğura, qələbəyə imza atıb, bu gün torpaqlarını azad edib''.

 

Ceyhun Məmmədov qeyd edir ki, separatçı rejimin özünü buraxması cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nümayiş etdirdiyi qətiyyətin növbəti təzahürüdür.

 

"Qondarma "Artsax Respublikası yoxdur, tarixin qaranlıq səhifələrinə qovuşdu"- bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı qeyd edib:

 

"Qondarma, saxta separatçı xunta rejimi-"Artsax Respublikası"nın ləğv edilməsi gözlənilən idi. Cənab Prezident hələ 2020-ci ilə qədər həm Ermənistanı, həm də onun havadarlarını ən müxtəlif platformalarda xəbərdar edirdi ki, Azərbaycanın bir qarış torpağı belə Ermənistana güzəşt gedilməyəcək. Onlar isə buna qulaq asmadılar, ancaq nəticəsinə 2020-ci ildə qazandığımız qələbə ilə şahid oldular. Ulu Öndərimizin siyasi kursundan, iradəsindən bəhrələnən cənab prezidentimiz İlham Əliyev göstərdi ki, bir qarış torpaq belə Ermənistana verilməyəcək. Prezident İlham Əliyev 44 günlük müharibə ərzində həm cəbhədə, həm də informasiya, diplomatiya platformalarında Ermənistanı, onu müdafiə edənləri məğlub etdi, sadəcə Ermənistana yox, dünyanın müxtəlif güc mərkəzlərinə qalib gəldi. Son 3 il ərzində Azərbaycan dəfələrlə Ermənistana 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əməl edilməsi ilə bağlı xəbərdarlıq etsə də, buna əməl edilmirdi, təxribatlar törədilirdi, hücumlar təşkil olunurdu. 2022-ci ilin sebtyabrnda Ermənistanın təxribatına qarşı Azərbaycan güclü zərbələr vursa da, yenə də bundan nəticə çıxarılmadı. 2023-cü ilin 19 sentyabr tarixində törədilən təxribatda mülki vətəndaşlarımızın, polis əməkdaşlarımızın həlak olmasından sonra Azərbaycan 24 saatdan daha az müddətdə davam edən antiterror tədbirlərinə başladı. Bu qələbə Azərbaycanın gücünü, cənab İlham Əliyevin güclü rəhbərliyini bütün dünyaya sübut etdi. Separatçı rejimin buraxılması ilə bağlı onlara xəbərdarlıq edildi. Nəhayət, bu gün separatçı xunta rejim özünü buraxdı, saxta fəaliyyətinə son qoyuldu".

 

Deputat deyir ki, bu Azərbaycan dövlətinin qüdrətinin, xalqla ordunun güclü vəhdətinin ifadəsi, Ali baş komandanın iradəsinin nəticəsidir':

 

"Artıq erməni vandalizminin nümunəsi olan qondarma "Artsax Respublikası" yoxdur, tarixin qaranlıq səhifələrinə qovuşdu. Bu gün Ağdərədə olduğu kimi, Xankəndində də Azərbaycan bayrağı dalğalanacaq, Qarabağ ərazisində Azərbaycanın suverenliyi təmin olunacaq, Azərbaycanın konstitusiya quruluşu bərpa ediləcək. Ermənilərin faşizmi, dənizdən dənizə olan əfsanəsi bitdi. 3 il əvvəl başlayan və 2023-cü ilin sentyabr ayında başa çatan separatçı rejimin məhv edilməsi əməliyyatı erməni dövlətinə böyük zərbə vurdu, onların məkrli xarakterlərini dünyada ifşa etdi, erməni faşizmi sarsıdıcı zərbə aldı".


Millət vəkilinin fikrinə görə, Azərbaycan Respublikası 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bu gün fəaliyyət göstərir, onun bütün atributları bu gün Azərbaycan Respublikası qorunur, istifadə edilir:

 

"Ermənistanın məxsus olduğu 29000 kv km-nin 20000 kv km ərazisi Cümhuriyyətimizə məxsus olub, biz həmin torpaqlara iddiaçıyıq. Üfüqdən Zəngəzur görünür, Zəngəzur Azərbaycandır! Bu qələbə münasibətilə cənab prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Silahlı Qüvvələrimizə, onun əsgərinə, zabitinə Azərbaycan Respublikasının vətəndaşı, millət vəkili kimi öz təşəkkürümü bildirir, yeni uğurlar arzu edirəm".


Nəzrin Mirzəyeva