Azərbaycan Prezidenti cəmi 23 saat ərzində separatizmin kökünü qazımaqla regionda yeni dövr başlatdı

Bölmə: Siyasət › ,
Tarix: 20:06 28.09.2023

"Azərbaycan 23 saatlıq antiterror tədbirləri ilə əslində Qarabağda separatizmə son qoymuşdu". Bu sözləri millət vəkili Bəhruz Məhərrəmov separatçı rejimin özünü buraxması ilə bağlı informator.az saytına açıqlamasında qeyd edib.

 

Deputat deyir ki, bu gün separatçı rejimin özünün "struktur" və "quruluşlarını" buraxması məhz kapitulyasiyanın və köklü iflasın rəsmi etirafıdır:

 

"Azərbaycan dövləti istər Ermənistana, istərsə də İrəvanın birbaşa himayəsi altında mövcudluğunu sürdürmüş Qarabağın qondarma rejiminə 30 ildir məhz bu reallığı anlatmaq istəyirdi. İrəvan isə özünün havadarlarının təhriki və təşviqi ilə beynəlxalq hüququn prinsipləri, xüsusən dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərini görməzdən gələrək çağırışlarımıza məhəl qoymur, işğal faktorunu leqallaşdırmağa çalışırdı. Üstəlik, beynəlxalq ictimaiyyət də mövcud situasiyanın qəbuledilməzliyini ehtiva edən beynəlxalq sənədlərin, o cümlədən, BMT Təhlüksəzilik Şurası və Baş Assambleyanın qətnamələrinin icra olunmamasına münasibətdə hərəkətsiz qalmışdı. Münaqişənin həlli ilə məşğul subyektlər isə ümumiyyətlə, Azərbaycanı o zaman mövcud olan işğal status-kvosu ilə barışmağa yönəlik səylər göstərir, bu məqsədlə münaqişəni dondurmağa çalışırdı. Prezident İlham Əliyev sonuncusu Vətən müharibəsindən bir neçə gün öncə BMT Baş Assambleyası olmaqla, dəfələrlə regionda vəziyyətin gərginliyinə diqqət çəksə də, Ermənistanın növbəti qələbəsinə şübhə etməyən Qərb məsələni görməzdən gələrək 2020-ci ilin sentyabrında Ermənistanın yeni torpaqlar uğrunda müharibəyə başlamasına imkan yaratdı. Lakin cənab İlham Əliyev vəziyyəti köklü surətdə dəyişərək əks həmlə ilə cəmi 44 günə Ermənistanı diz çökdürdü. Belə olan halda anti-Azərbaycan blokun əlində yeganə təsir aləti Qarabağın xunta rejiminin mövcudluğu idi ki, Azərbaycan Prezidenti cəmi 23 saat ərzində separatizmin kökünü qazımaqla regionda yeni dövr başlatdı. Artıq Azərbaycan nəinki regionda, bütövlükdə dünyada separatizmlə mübarizədə ən effektiv nəticəyə nail olmuş dövlətdir və Prezident İlham Əliyev hələ də separatizmdən əziyyət çəkən çoxsaylı subyektlər üçün qapı açmış, təcrübə yaratmış oldu".

 

Deputat bildirir ki, Azərbaycanın bir sıra aidiyyəti strukturları artıq Xankəndidədir: "Cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində ifadə etdiyi kimi, separatçıların girovluğundan qurtulmuş ərazilərimizdə də böyük quruculuq prosesinə start veriləcək. Qaçqın və məcburi köçkünlərin işləri üzrə komissiyadan verilən məlumatda da ifadə olunduğu kimi, tezliklə o bölgənin əzəli-əbədi sakinləri 30 illik fasilədən sonra öz doğma ocaqlarına qayıdacaqlar".

 

Bəhruz Məhərrəmov əlavə edir ki, dağıdan, məhv edən işğalçı Ermənistan, terrorçu xunta rejimindən fərqli olaraq, Azərbaycan, nənayət ki, regiona sülh, sabitlik gətirməklə, Cənubi Qafqazı münaqişələrdən azad inkişaf, tərəqqi və mədəniyyət beşiyinə çevirməkdədir.

 

Nəzrin Mirzəyeva