"Düşmənimizi hər zaman doğru qiymətləndirməyi bacarmalıyıq"-Ramid Hüseynov

Bölmə: Siyasət › ,
Tarix: 21:43 28.09.2023

Keçirilən antiterror əməliyyatı nəticəsində qondarma rejim özünü buraxıb. Qarabağda yaşayan ermənilər Ermənistana axın edir. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən erməniəsilli vətəndaşlara xüsusi qayğı göstərilir.

 

Mövzu ilə bağlı Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov İnformator.az-a danışıb.

 

Ramid Hüseynov bildirib ki, Azərbaycan ordusunun istər 44 günlük Vətən Müharibəsində, istərsə də sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında qanunsuz məskunlaşan erməni separatçılarına qarşı lokal xarakterli anti-terror əməliyyatını həyata keçirməsi zamanı yüksək peşəkarlıq numayiş etdirməsi təkcə düşməni məğlubiyyətə uğratması deyildi: "Bu qələbə həm də Azərbaycanın olduqca həssas, humanist davranması və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət etməsi ilə müşahidə olundu. Çəkilmiş peyk görüntüləri də bir daha bütün dünyaya Azərbaycan hərbçisinin yüksək dəqiqliyini sübut etdi. Anti-terror fəaliyyətindən sonra erməni separatçılarının təslim olmaları və danışıqlara başlamalarının ardınca Azərbaycan dövlətinin regionda məskunlaşmış erməni əsilli sakinlərinə humanitar yardım göstərməsi, zəruri ərzaq və digər ləvazimatlarla təmin etməsi kifayət qədər müsbət addım kimi dəyərləndirilir. O cümlədən, Azərbaycanda yaşamaq istəməyib, Ermənistana köçmək istəyən ermənilərə yüksək davranış nümayiş etdirməsi, onların Laçın buraxılış məntəqəsindən maneəsiz keçidinin təmin edilməsi də təqdir edilir".


Müsahibimiz hesab edir ki, diqqəti çəkən mühüm məqamlardan biri də hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsi üçün proseslərin kütləvi informasiya vasitələrində birbaşa işıqlandırılmasıdır ki, sabah gerçəklikləri inkar etmək mümkün olmasın:


"Amma çox təəssüf ki, vaxtilə Ermənistandan və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən azərbaycanlıların əliyalın, zorla, amansızcasına deportasiya edilmələrinə və didərgin salınmalarına baxmayaraq dünya ictimaiyyəti buna susqunluq, laqeydlik sərgiləmişdi. Bu gün isə həmin erməniləri müdafiə etməyə cəhd edirlər".


Ekspert qeyd edib ki, biz xalq olaraq bütün dünyaya yüksək mədəniyyətimizi, humanistliyimizi numayiş etdirsək də, mövcud reallığı da mütləq nəzərə almalıyıq. Bu da ondan ibarətdir ki, düşmənimizi hər zaman doğru qiymətləndirməyi bacarmalı, onun məkirli, riyakar xüsusiyyətlərinin heç vaxt itməyəcəyinə əmin olmalıyıq. Unutmamalıyıq ki, bu gün aciz durumda olub, özünü məzlum vəziyyətdə aparan ermənilərə bir daha fürsətin verilməsi acı faciələrə səbəb ola bilər. Eyni zamanda yaranmış geosiyasi vəziyyətdən, regiondakı yeni reallıqdan maksimum istifadə etməyimiz, Azərbaycanın dövlət suverenliyinin daha da möhkəmlənməsi və geosiyasi güclərin təsir imkanlarının aradan qalxması baxımından müsbət olardı".

 

Fatimə Mustafayeva