Paşinyanın etnik təmizləməyə məruz qalma bəyanatı əsassız iddiadır-Azad Məsiyev

Bölmə: Siyasət › ,
Tarix: 22:44 28.09.2023

Öz razılıqları ilə Ermənistana köçən erməniəsilli Qarabağ sakinləri də qeyd edir ki, Azərbaycan onların Qarabağda yaşamalarına heç bir maneə törətmir.


Azərbaycanın guya Qarabağ ermənilərinə zor tətbiq etdiyi barədə məlumatlar növbəti erməni yalanının tərkib hissəsidir. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın bu addımını növbəti siyasi manipulyasiya cəhdi adlandırıb:

 

“Ermənistanın Baş Naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin guya etnik təmizləməyə məruz qaldığı 28 sentyabr tarixli bəyənatını qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə biz erməni sakinlərini öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

 

Siyasi şərhçilərin fikrincə, Ermənistan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərini reinteqrasiya prosesinə maneələri aradan qaldırılmalıdır. Həmçinin rəsmi İrəvan suverenliyı əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına daha çox səy göstərməlidir.

Politoloq Azad Məsiyev ARB 24-ə bildirib ki, bu cür açıqlamalar verməklə yenidən Azərbaycan-Ermənistan problemini beynəlxalq müstəviyə qaldırmaq istəyirlər: “Hesab edirəm ki, bu cür bəyanatlar yolverilməzdir. Eyni zamanda xatırlatmaq istəyirəm ki, Azərbaycan humanitar bir koridor yaradıb. Bu humanitar koridordan gələn avtobuslar erməni millətini öz ərazisinə aparır və Paşinyan da bunu nəzərə almalıdır. Eyni zamanda xatırlatmaq istəyirəm ki, kütləvi informasiya vasitələrində də açıq göstərilir ki, vətəndaşlar gedən vətəndaşlar könüllü gedir. Gedən vətəndaşlardan sorğular aparılır”.
Azərbaycan Qarabağ ermənilərinə onların burada qalıb yaşamaqları barədə dəfələrlə çağırışlar edib. Rəsmi Bakı ölkənin digər regionlarında yaşayan etnik azlıqlara necə münasibət bəsləyirsə, Qarabağın erməniəsilli sakinlərinə də eyni münasibət sərgiləyə bilər. Faktlar onu göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə bəyanatı sadəcə əsassız iddialarla yenidən gündəmə gəlmə cəhdləridir. 

 

Sona