Saxta iddialar sahiblərinə kömək etməyəcək
Bölmə: Siyasət › ,Tarix: 23:05 28.09.2023
Azərbaycanın hər şeyə rəğmən humanist əlini uzatdığı ermənilər məhz daşnak planına uyğun olaraq, ölkəmizdən gedirlər. Necə ki, 30-40 min olduqları halda saylarını şişirdib, 125 min yazdılar. İndi də Azərbaycan sərhədindən beş nəfər çıxanda bu say erməni tərəfində ona vurulur. Üstəlik, bu şəxslərin hansı ölkənin vətəndaşı olmaları da ciddi sual altındadır.
Bununla bağlı jurnalist-analitik Kazım Kazımov fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycan polisi və əsgərləri öz humanistliyi ilə seçilir və bu, onların əməllərində də özünü göstərir:
"Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan əsgəri və polisi bütün dünyaya humanizm dərsi keçir. Həm son anti-terror tədbirləri dönəmində, həm də sonrakı dövrdə əsgər və polislərimiz mülki şəxslərə qarşı nümunəvi davranış sərgiləyirlər".
Xarici havadarlarına sığınan ermənilərin xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra bölgədəki Erməni sayını süni şəkildə şişirtməyə çalışdığını vurğulayan müsahibim Ermənistanın siyasi elitası haqqında da belə danışıb:
"Təəssüflər olsun ki, Ermənistanın siyasi elitası bu rəftardan da dərs çıxarmaq istəmir. Bu gün Azərbaycan xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş Ermənilərə hər cür şəraiti və vətəndaşlıq təklifini edir. Azərbaycanın bu nəcib təklifini qəbul edənlər də var, Qarabağdan könüllü çıxanlar da. Bu prosesi bulandırmaq istəyənlər hər zamankı kimi yenə var. Xarici havadarlarına sığınan Erməni lobbisi və İrəvandakı siyasi rəhbərlik xüsusən İkinci Qarabağ Müharibəsindən sonra bölgədəki Erməni sayını süni şəkildə şişirtməyə çalışır. Bu gün də Qarabağdan Laçın vasitəsilə keçən ermənilərin sayı dəfələrlə artıq göstərilir".
Jurnalist-analitik bu prosesin səbəbləri haqqında ətraflı danışaraq aşağıdakı ifadələrdən istifadə edib:
"Bunun bir neçə səbəbi var. Birincisi, siyasi avantüralarını gücləndirmək üçün Ermənistan rəhbərliyi və lobbisi şəxslərin sayını çox göstərərək beynəlxalq təşkilatların və xarici ölkələrin Qarabağa daha çox diqqətini çəkməyə çalışır. İkincisi, sanki heç bir Qarabağda yaşayan Erməni Azərbaycanda yaşamaq istəmirmiş kimi şişirdilmiş rəqəmlər açıqlayırlar. Digər yandan, təbii ki, burada müəyyən Erməni qrupların maddi və siyasi maraqları da durur. Beynəlxalq təşkilatlara və xarici havadarlarına nə qədər çox siyahı versələr bir o qədər humanitar yardım adı altında gəlir əldə edə biləcəklərini umurlar".
Oyunun anti-Azərbaycan hissəsinin baş tutmadığını düşünən Kazım Kazımov fikirlərinin arxasında duran xüsusiyyətləri açıqlayıb:
"Mən bu oyunun anti-Azərbaycan hissəsinin də baş tutmayacağını düşünürəm. Çünki bu gün bütün dünya Azərbaycanın Qarabağdakı Ermənilərə necə humanist davrandığını görür. Hətta könüllü Azərbaycanı tərk edənlərə də şərait verilir. Media resurslarımız bütün bu prosesi başdan sona çəkir və yazır, yəni hər şey gün kimi aydındır. Bu təqdirdə saxta iddialar sahiblərinə kömək etməyəcək".
Aydan Qasımova