Fransa Afrikada Qərbdən istədiyi dəstəyi ala bilmir

Bölmə: Siyasət › ,
Tarix: 16:54 29.09.2023

Fransanın Afrika ölkələrindəki dayanıqsız mövqeyi və uğursuz olması digər dövlətlərin regiona iştahını açır. Burkino Faso və Malidən sonra Nigerdən də qoşunlarını çıxarmağa razılaşan Fransa müttəfiqlərindən ümid etdiyi dəstəyi ala bilmədi. Bəzi ekspertlər bunu Qərbin Ukraynaya başının qarışması və yeni gərginlik istəməməsi ilə izah edir. Bəs bundan sonra regiondakı boşluq hansı ölkələri üzləşdirə bilər?

 

Nigerdə hərbi xunta ilə həftələrlə davam edən gərginlikdən sonra fransız ordusunun ölkədən geri çəkilməsi indi bir sualı ortaya qoyur. Fransadan sonra "bölgədəki ipləri hansı güc ələ alacaq"? Şahmat oyununu xatırladan bu prosesdə ABŞ-ın həvəsli olmadığı aydındır. Ağ Evin dəfələrlə və açıq şəkildə "Nigerdəki vəziyyəti həll etməyin ən yaxşı yolu diplomatiyadır" deməsi Vaşinqtonun hərbi müdaxiləyə istəksiz olduğu mesajını verir. İtaliya və Almaniya kimi avropalı tərəfdaşlar da Nigerlə diplomatik əlaqələri kəsən addımlardan uzaq durmaq istəyirlər, çünki Niamey ilə əlaqələri kəsmək Avropada artan miqrasiya böhranı ilə mübarizə riskini artıra bilər. Afrikadan Aralıq dənizinə gedən aktiv miqrasiya yolları Nigerdən keçir və onlar bu marşrutlara nəzarət etmək üçün Nigerlə əməkdaşlığı davam etdirməlidirlər. Əvvəllər Maliyə qoşun göndərməyi təklif edən Şərqi Avropa ölkələri üçün də Ukraynada davam edən müharibə səbəbindən Afrikada hərbi gərginlik artıq mümkün variant deyil.


Analitik Silvi Kaufmann bildirib ki, ABŞ-ın Əfqanıstandan geri çəkilməsindən cəmi iki il sonra Fransa da Nigerdən qoşunlarını çıxarır: “Ukraynaya görə Qərb ölkələri bir-bir məğlubiyyətlə üzləşirlər. Buna görə də NATO ölkələri bir-birinin ardınca bütün istiqamətlərdən geri çəkilməli olur. Bu məğlubiyyətlər təkcə hərbi deyil, həm də siyasi və diplomatik xarakter daşıyır, çünki Qlobal Cənub ölkələri artıq Qərbə inanmır və onun siyasətinə açıq şəkildə qarşı çıxır”.

Nigerin Mali və Burkina Fasonun yolu ilə getməsi, eləcə də Vaqnerlə anlaşaraq Rusiyadan ehtiyac duyduğu təhlükəsizlik dəstəyini almağa çalışması da tamamilə mümkündür. Amma Rusiyanın təhlükəsizlik və qorunma vəd etdiyi bir çox coğrafiyada gücünü və təsirini itirməsi Afrikada fəaliyyət göstərən digər böyük güc Çinə yeni imkanlar yaradır. Çin donanmasının Nigeriyaya dostluq səfəri, Nigerlə iqtisadi əməkdaşlıq layihələri və ən son vasitəçilik təklifi də bunu təsdiqləyir.

Analitik Aneliza Bernar deyir ki, Vaqner qrupu Priqojinin tabeliyində olanda onların Nigerə daxil ola biləcəklərinə tam inanmayıb: “Çünki bu barədə illərdir söhbət gedir. Vaqnerin Burkina Fasoya girə biləcəyini də deyirdilər. Ancaq bu baş vermədi. Əgər ABŞ və Avropa Afrikanı ciddi qəbul etməsələr, biz regionla tərəfdaşlığı itirəcəyik, bu, isə böyük riskdir”.


Hər kəsi maraqlandıran digər məsələ isə Qərbin Nigeri tərk etməsindən sonra ölkədə terrorizmlə mübarizənin aqibətinin necə olacağıdır. Mali və Burkino Fasodan fərqli olaraq, Niger ordusunun hərbi imkanları daha yaxşıdır və terrorla mübarizədə daha təcrübəlidir. Bundan əlavə, ordu Nigerdə ərazi üstünlüyünə malikdir. Buna görə də beynəlxalq və regional hərbi dəstəyin geri çəkilməsi ilə Mali və Burkino Fasoda təhlükəsizlik vəziyyəti xeyli pisləşsə də, Niger bu aqibətdən qurtula bilər. Lakin hərbi çevrilişin legitimlik problemi və ordudaxili parçalanmalar səbəbindən xunta administrasiyasının diqqətini paytaxtdakı hakimiyyət mübarizəsinə yönəltməsi və terrorla mübarizə işlərinin arxa plana keçməsi də mümkün ehtimaldır.

Fransız qoşunlarının Nigerdən çıxarılmasının özü də müəyyən maddi-texniki çətinliklər yaradıb. Birincisi 3 ay müddətində ordunu geri çəkməyə nail olmaq çox çətindir. Xatırladaq ki, Fransa Malidəki 5 min əsgərinin təxliyəsinə 2021-ci ilin sonunda başlasa da, bunu yalnız ötən ilin avqustunda başa çatdıra bilib. Bundan əlavə, Fransanın Nigerlə diplomatik danışıqlara qapıları bağlaması işləri bir qədər çətinləşdirib. Paris hazırda Nigerlə quru yollarla evakuasiya üsullarını müzakirə etməlidir, çünki döyüş maşınları, mobil hava terminalları və helikopterlər də daxil olmaqla bütün ağır hərbi texnika quru yolla çıxarılmalıdır. Üstəlik, Niger hava məkanını Fransız təyyarələrinə bağladığından, hava yolu ilə evakuasiya prosesi də masaya yatırılmalıdır.

Üstüaçıq qalan digər məsələ isə Nigerdən çıxarılan fransız əsgərlərinin harada yerləşdiriləcəyidir. Məlumdur ki, Mali və Burkina Fasodakı çevrilişlərdən sonra Fransa bu iki ölkədəki əsgərlərinin bir hissəsini Nigerə köçürmüşdü. Bu baxımdan Niger Fransanın son illərdə əsas bazası idi. Ancaq indi çıxarılan hərbçilərin Fransaya yoxsa digər Afrika ölkələrinə yerləşdirilməsi qeyri-müəyyəndir. Əgər fransız ordusu birbaşa Fransaya qayıtsa, bu, həm də ölkənin Afrikadakı strategiyasının dəyişdiyini göstərəcək. İstənilən halda, Fransa hərbçilərinin Nigerdən çıxarılması Qərbin hərbi varlığını Mərkəzi Saheldən daha da uzaqlaşdırması deməkdir. 

 

Vüsalə